ABŞ-da inflyasiya artmaqda davam edir

10 May 2018

Amerikanın inflyasiya göstəriciləri gözləntilərin qismən altında yayımlansa da, ümumi müsbət tendensiya özünü qorumaqdadır.

ABŞ-da inflyasiya artmaqda davam edir

Amerikanın statistika idarəsinin cümə axşamı verdiyi rəsmi məlumatlara görə, istehlak qiymətləri indeksi aprel ayında illik müqayisədə 2.5% artıb. Bu son bir ilin maksimum səviyyəsi hesab edilir və göstəricinin Amerika Mərkəzi Bankının (FED) 2%-lik hədəfinin üzərində artmaqda davam etdiyinin şahidi oluruq. Analitiklər də illik inflyasiyanın 2.5%-ə kimi yüksələcəyini proqnozlaşdırırdılar. 


İstehlak qiymətləri aylıq müqayisədə isə mütəxəssislərin 0.3%-lik ehtimalları qarşılığında 0.2% artıb. Lakin keçən ayın dinamikası ilə müqayisədə müsbət tendensiya müşahidə edilir.


Bununla yanaşı, enerji və ərzaq məhsulları istisna olmaqla hesablanan, istehlak qiymətlərinin baza indeksində də illik artım dinamikası 2.1% səviyyəsində möhkəmlənib. Analitiklər burada da daha yüksək göstərici - 2.2%-ə kimi artım proqnozlaşdırsalar da, ümumilikdə burada da müsbət tendensiya özünü qorumaqdadır. 


Məlumatların açıqlanmasından sonra foreks bazarlarından dolların aparıcı valyutalara nisbətən orta qiymətinin ucuzlaşması sürətlənib. 


Qeyd etmək lazımdır ki, maliyyə bazarlarında FED-in cari ilin sonuna kimi əlavə olaraq iki dəfə faiz artımına gedə biləcəyi gözləntiləri, dolların cari qiymətində artıq öz əksini tapıb. Belə ki, dollar indeksi son bir neçə həftə ərzində beş ayın maksimum səviyyəsinə kimi sürətlə bahalaşmışdır. İnvestorları isə ilin sonuna kimi əlavə olaraq dördüncü faiz artımına gediləcəyi düşündürməkdədir. Bu il ərzində ilk faiz artımı mart ayında olmuşdur.