AB: 2019-ci ilin yeni büdcə planı fonunda uğursuzluq

20 Noyabr 2018

Avropada siyasi və iqtisadi risklərin artması, avroya olan təzyiqlərin daha da artmasına səbəb ola bilər. Avropada yeni büdcə planı diqqət mərkəzində.

AB: 2019-ci ilin yeni büdcə planı fonunda uğursuzluq

Avropa parlamenti ilə birliyə üzv dövlətlər arasında Avropa Birliyinin (AB) 2019-ci il üzrə yeni büdcəsi müzakirələri uğursuzluqla nəticələnib. Hər iki tərəf bazar ertəsi ümumi razılığa gələ bilməyib, deyə AB parlamentinin büdcə komitəsi məlumat verib. Beləliklə, AB komissiyası yeni təklif hazırlamalıdır. 


AB-nin büdcə komissarı Qünter Öttinqer yeni təklifin bir neçə günə hazır olacağını elan edib. Bununla da ilin sonuna kimi razılığın əldə olunması planlaşdırılır. Büdcə ilə bağlı yeni təklif qəbul olunmasa, mövcud plan aybaay tətbiq edilməyə davam ediləcəkdir. 


AB komissiyası 165.6 milyard avroluq büdcə planı təklif etmişdi. Bu, cari plandan 3% çoxdur. AB hökümətləri isə yeni planın 1.5 milyard avro azaldılmasını, parlament isə 770 milyon avro çox təklif edir. 


AB yeni büdcə siyasəti ilə elmi araşdırmaları və inkişafı artırmaq, infrastrukturu yaxşılaşdırmaq, gənclərin işsizlik problemini həll etmək və miqrasiya axınını daha effektli idarə etmək istəyir. 


Hökümət nümayəndələri isə parlament nümayəndələrini gələn ilin may ayında baş tutacaq AB parlament seçkisi öncəsi hökümətlərlə qarşıdurma yaratdıqları ilə bağlı ittiham edir.


Məlumatların açıqlanması, dünya valyuta birjalarında avronun bahalaşması dinamikasının zəifləməsinə təsir edib. EUR/USD məzənnəsi 1.1450$-a ticarət edilməkdədir və son bir həftə ərzində 2% bahalaşıb. 


Qeyd etmək lazımdır ki, AB yeni büdcə planının razılaşdırılması ilə yanaşı, Breksit və digər problemləri də həll etməlidir.