ABŞ-da dayanıqlı əmək bazarı ilə bağlı məlumatlar

05 Yanvar 2018

ABŞ-ın əmək bazarında inkişaf gələcəkdə ölkədə inflyasiyanın daha da arta biləcəyinə işarədir. Bundan sonra FED-in siyasəti diqqət mərkəzində olacaqdır.

ABŞ-da dayanıqlı əmək bazarı ilə bağlı məlumatlar

Amerikanın statistika idarəsinin cümə günü verdiyi rəsmi məlumatlara görə, ölkədə dekabr ayı ərzində qeyri-kənd təsərrüfatında məşğulların sayı (ing.: "NFP") 148 000 nəfər artıb və işsizlik 4.1% səviyyəsində qərarlaşıb. Əmək haqlarında isə artım dinamikası dekabr ayında 0.1%-dən 0.2%-ə yüksəlib. Analitiklər də əmək haqlarında 0.3%-lik artım və işsizliyin 4.1% səviyyəsində möhkəmlənməsini proqnozlaşdırırdılar. Lakin "NFP"-nin 190 min nəfər artacağı gözlənilirdi. 

İşsizlik səviyyəsinin artıq üçüncü aydır ard-arda 4.1% açıqlanması, burada dayanıqlı inkişafa işarədir. Bununla yanaşı, əmək haqlarında artım da inflyasiyanın gələcək aylarda daha da güclənə biləcəyinə işarədir. Sonuncu məlumatlara əsasən, ABŞ-da inflyasiya 2.2% -dir və dekabr ayı üzrə göstəricilərin isə gələn həftənin cümə günü yayımlanacaqdır. 

Məlumatların açıqlanmasından sonra son bir həftədir son iki ayın minimum səviyyələrinə kimi 1.5% ucuzlaşan, dolların aparıcı valyutalara nisbətən orta qiymətinə qarşı təzyiqlər daha da artıb. Gələcək aylarda inflyasiyanın daha da arta biləcəyi gözləntiləri ilə Amerika Mərkəzi Bankının ("FED") faiz siyasəti arasında fərqin böyüməsi isə dollara təzyiq edən önəmli amillər arasındadır. Beləliklə, bundan sonra "FED"-in gələcək planları ilə bağlı açıqlamaları investorların diqqət mərkəzində olacaqdır. 

Qeyd etmək lazımdır ki, Amerikada qeyri-kənd təsərrüfatı sahələrində işləyənlərin sayı ümumi istehsalatda işləyənlərin 80%-i təşkil etdiyi üçün "NFP" göstəricisi Amerikanın əmək bazarındakı gələcək vəziyyəti ölçmək üçün önəmli göstəricidir.