ABŞ-da əmək haqlarında artım zəif olaraq qalmaqda

07 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında əmək bazarına dair açıqlanan fundamental məlumatlar proqnozlaşdırılandan zəif dərc edilib.

ABŞ-da əmək haqlarında artım zəif olaraq qalmaqda

Amerika hökümətinin cümə günü açıqladığı rəsmi məlumatlara əsasən, ölkədə may ayı ərzində qeyri-kənd təsərrüfatında məşğulların sayı (ing.: "NFP") 75 000 nəfər artıb, işsizlik 3.6% səviyyəsində qalıb, əmək haqlarında aylıq artım dinamikası 0.2% səviyyəsində qalıb, illik dinamika isə 3.1%-ə düşüb. 


Mütəxəssislər "NFP" üzrə artım dinamikasının 224 min nəfərdən yalnız 185 min nəfərə düşəcəyini, əmək haqlarında aylıq artım dinamikasının 0.3%-ə yüksələcəyini, illik artım dinamikasının isə 3.2%-də qalacağını proqnozlaşdırırdılar. 


Beləliklə, ABŞ-da tam məşğulluq səviyyəsi hökm sürsə də bu, özünü əmək haqlarının artımında göstərmir. Bu, Amerika mərkəzi bankı üçün diqqət mərkəzində saxlanılan vəziyyətdir, çünki məşğulluq səviyyəsində müsbət dinamikas özünü əmək haqlarında da göstərməlidir. Bu zaman əmək bazarında sağlam tendensiyadan söhbət gedir. 


Bununla yanaşı, işsizlik göstəricisi istisna olmaqla bütün göstəricilər proqnozlardan zəif yayımlanıb.