ABŞ-da əmək haqlarında güclü artım

07 Sentyabr 2018

FED-in faiz artımı siyasəti fonunda əsas narahatlıqlarından biri əmək haqlarında zəif artımın artıq yüksək artım ilə əvəzlənməsi dolları bahalaşdırır.

ABŞ-da əmək haqlarında güclü artım

Amerikanın statistika idarəsinin cümə günü verdiyi rəsmi məlumatlara görə, ölkədə avqust ayı ərzində qeyri-kənd təsərrüfatında məşğulların sayı (ing.: "NFP") 201 000 nəfər artıb, işsizlik 3.9% səviyyəsində qərarlaşıb. Əmək haqlarında artım dinamikası isə avqust ayında 0.4%-ə yüksəlib. Bu isə əmək haqlarında illik artımın 2.9%-ə yüksəlməsinə səbəb olub. 


Mütəxəssislər tərəfindən "NFP" üzrə 191 000 nəfər və əmək haqlarında 0.3%-lik artım, işsizlik səviyyəsinin də 3.8% səviyyəsinə düşəcəyi proqnozlaşdırılırdı. Beləliklə, "NFP" və əmək haqları üzrə göstəricilərin gözləntilərin üzərində açıqlandığı müşahidə edilir.


Amerikada qeyri-kənd təsərrüfatı sahələrində işləyənlərin sayı ümumi istehsalatda işləyənlərin 80%-i təşkil etdiyi üçün "NFP" göstəricisi Amerikanın əmək bazarındakı gələcək vəziyyəti ölçmək üçün daha önəmli rol oynayır.


Məlumatların açıqlanmasından sonra dolların aparıcı valyutalara nisbətən orta qiyməti 0.5% bahalaşıb. Bu isə cari göstəricilər ilə əlaqədardır. "NFP"-nin gözləntilərin üzərində açıqlanması və xüsusilə, əmək haqlarında güclü artım, Amerika Mərkəzi Bankının (FED)-in faiz artımı ehtimallarını da özü ilə gücləndirir. Maliyyə bazarlarında faiz artımı ehtimallarının artması, dollara olan tələbin güclənməsinə təsir edir.