ABŞ-da inflyasiya 1.9%-ə kimi azaldı

11 Yanvar 2019

Amerikada inflyasiyanın son beş ay ərzində azalmaqda davam etməsi, FED-in əlavə faiz artımı ehtimallarını zəiflətməklə, dollara da təzyiqləri artrır.

ABŞ-da inflyasiya 1.9%-ə kimi azaldı

Amerikanın statistika idarəsinin cümə günü verdiyi rəsmi məlumatlara görə, istehlak qiymətləri indeksi dekabr ayında illik müqayisədə 1.9% artıb. Bu son on yeddi ayın minimum səviyyəsi hesab edilir. Buna baxmayaraq, göstəricinin Amerika Mərkəzi Bankının (FED) 2%-lik hədəfinin ətrafında möhkəmləndiyinin şahidi oluruq. Analitiklər də illik inflyasiyanın 2.2%-dən 1.9%-ə kimi azalacağını proqnozlaşdırırdılar. Lakin ABŞ-da inflyasiya son beş ay ərzində 2.9%-dən 1.9%-ə kimi azalması, riskləri artırır. Bunun əsas səbəbi isə dünya enerji bazarlarında neft qiymətlərinin sütrətlə ucuzlaşmasıdır. İstehlak qiymətləri aylıq müqayisədə isə mütəxəssislərin 0.1%-lik azalma ehtimalları qarşılığında 0.1% azalıb. 


Bununla yanaşı, enerji və ərzaq məhsulları istisna olmaqla hesablanan, istehlak qiymətlərinin baza indeksində isə illik artım dinamikası 2.2%-də möhkəmlənib. Burada da göstəricinin 2.2%-də qalacağı gözlənilirdi. Aylıq müqayisədə da baza indeksində artım (0.2%) gözləntilərə (0.2%) bərabər olub.


Foreks bazarlarından dolların aparıcı valyutalara nisbətən orta qiyməti dekabr ayının ortalarından etibarən 3%-ə kimi ucuzlaşıb. Bunun əsas səbəbləri ABŞ və Çin arasında siyasi və iqtisadi əlaqələr fonunda qeyri-müəyyənliyin davam etməsi, fond bazarlarında və beynəlxalq iqtisadi aktivliyin azalması, eyni zamanda ABŞ-ın iqtisadi göstəricilərinin zəif açıqlanması və beləliklə, Amerika Mərkəzi Bankının (FED) da faiz artımı ehtimallarının zəifləməsidir.