ABŞ-da inflyasiya 2.2%-ə düşdü

12 Dekabr 2018

Amerikada inflyasiyanın 2.2% səviyyəsində möhkəmlənməsi, FED-in əlavə faiz artımı ehtimallarını zəiflətməklə, dollara da təzyiqləri artrır.

ABŞ-da inflyasiya 2.2%-ə düşdü

Amerikanın statistika idarəsinin çərşənbə günü verdiyi rəsmi məlumatlara görə, istehlak qiymətləri indeksi noyabr ayında illik müqayisədə 2.2% artıb. Bu son on ayın minimum səviyyəsi hesab edilir. Buna baxmayaraq, göstəricinin Amerika Mərkəzi Bankının (FED) 2%-lik hədəfinin üzərində qaldığının şahidi oluruq. Analitiklər də illik inflyasiyanın 2.5%-dən 2.2%-ə kimi azalacağını proqnozlaşdırırdılar. Beləliklə, ABŞ-da inflyasiya son dörd ay ərzində 2.9%-dən 2.2%-ə kimi azalıb. Bunun əsas səbəbi isə dünya enerji bazarlarında neft qiymətlərinin sütrətlə ucuzlaşmasıdır. İstehlak qiymətləri aylıq müqayisədə isə mütəxəssislərin 0.1%-lik artım ehtimalları qarşılığında heç artmayıb (0.0%). 


Bununla yanaşı, enerji və ərzaq məhsulları istisna olmaqla hesablanan, istehlak qiymətlərinin baza indeksində isə illik artım dinamikası 2.2%-də möhkəmlənib. Burada da göstəricinin 2.1%-dən 2.2%-ə kimi yüksələcəyi gözlənilirdi. Aylıq müqayisədə da baza indeksində artım (0.2%) gözləntilərə (0.2%) bərabər olub.


Foreks bazarlarından dolların aparıcı valyutalara nisbətən orta qiyməti cari həftə ərzində 1%-dən çox bahalaşaraq, son 3 həftənin maksimum səviyyəsini qırsa da yenidən təzyiq altındadır. 


Bunun əsas səbəbləri ABŞ və Çin arasında siyasi və iqtisadi əlaqələr fonunda qeyri-müəyyənliyin davam etməsi, fond bazarlarında və beynəlxalq iqtisadi aktivliyin azalması, eyni zamanda ABŞ-ın iqtisadi göstəricilərinin zəif açıqlanması və beləliklə, Amerika Mərkəzi Bankının (FED) da faiz artımı ehtimallarının zəifləməsidir.