ABŞ-da inflyasiya 2.2%-ə yüksəldi

13 Dekabr 2017

Enerji bazarlarında neft qiymətlərinin bahalaşması, ABŞ-da inflyasiyanın da artmasına təsir edir.

ABŞ-da inflyasiya 2.2%-ə yüksəldi

Amerikanın statistika idarəsinin çərşənbə günü verdiyi rəsmi məlumatlara görə, istehlak qiymətləri indeksi noyabr ayında illik müqayisədə 2.2% artıb. Bu, Amerika Mərkəzi Bankının (FED) 2%-lik hədəfindən yüksəkdir. Analitiklər də illik inflyasiyanın 2.2%-ə kimi artacağını proqnozlaşdırırdılar. İnflyasiyanın illik artım dinamikasının güclənməsinə səbəb, istehlak qiymətlərinin aylıq artım dinamikasının da 0.1%-dən 0.4%-ə kimi yüksəlməsidir. 

İstehlak qiymətlərinin baza indeksində illik artım dinamikası 1.8%-dən 1.7%, aylıq artım dinamikası isə 0.2%-dən 0.1%-ə kimi zəifləyib. Lakin hər iki göstərici üzrə analitiklər dəyişiklik gözləmirdilər. 

Qeyd etmək lazımdır ki, ölkə iqtisadiyyatında dayanıqlı qiymət inkişafının ölçülməsi üçün baza indeksi də önəmli rol oynayır. Belə ki, aylıq istehlak qiymətlərinin baza indeksinin hesablanmasında, volatil neft və ərzaq məhsullarının qiymətləri nəzərə alınmır. 

Məlumatların açıqlanmasından sonra foreks bazarlarından dolların aparıcı valyutalara nisbətən qiymətləri təqribən 0.3% ucuzlaşsa da, yenidən bahalaşmağa başlayıb.