ABŞ-da inflyasiya daha da azaldı

11 Oktyabr 2018

Amerikada inflyasiyanın son 7 ayın minimum səviyyəsinə kimi azalması, FED-in ilin sonuna kimi dördüncü faiz artımına gedə biləcəyi gözləntilərini azaldır.

ABŞ-da inflyasiya daha da azaldı

Amerikanın statistika idarəsinin cümə axşamı verdiyi rəsmi məlumatlara görə, istehlak qiymətləri indeksi sentyabr ayında illik müqayisədə 2.3% artıb. Bu son yeddi ayın minimum səviyyəsi hesab edilir. Buna baxmayaraq, göstəricinin Amerika Mərkəzi Bankının (FED) 2%-lik hədəfinin üzərində qaldığının şahidi oluruq. Analitiklər isə illik inflyasiyanın 2.7%-dən yalnız 2.4%-ə kimi azalacağını proqnozlaşdırırdılar. İstehlak qiymətləri aylıq müqayisədə isə mütəxəssislərin 0.2%-lik ehtimalları qarşılığında 0.1% artıb. 


Bununla yanaşı, enerji və ərzaq məhsulları istisna olmaqla hesablanan, istehlak qiymətlərinin baza indeksində isə illik artım dinamikası 2.2%-də möhkəmlənib. Burada isə göstəricinin 2.3% səviyyəsinə kimi artacağı gözlənilirdi. Aylıq müqayisədə da baza indeksində artım (0.1%) gözləntilərdən (0.2%) daha aşağı olub.


Foreks bazarlarından dolların aparıcı valyutalara nisbətən orta qiyməti son günlər ucuzlaşmaqdadır. Həm səhm bazarlarında Amerikanın "S&P500" və Dou Cons (ing.: "Dow Jones") indekslərinin müvafiq olaraq 2800 (son 3 ayın minimumlarına kimi ucuzlaşma) və 26000 punktun (son iki ayın minimumlarına kimi ucuzlaşma) altında ticarət edilmələri və bundan sonra prezident Donald Trampın yenidən FED-in monetar siyasətini tənqid etməsi, dolların ucuzlaşması üçün əsas səbəblərdir. Amerika iqtisadiyyatında zəifləmə FED-in dördüncü faiz artımı proqnozlarını zəiflədir və nəticədə dollar ucuzlaşmağa başlayır. 


ABŞ prezidenti Donald Tramp çərşənbə günündən etibarən səhm bazarlarında müşahidə edilən sürətli ucuzlaşmalara reaksiya olaraq, FED-in "ağlını itirdiyini" bildirib. Bugünə ki, o, fond birjalarında qiymətlərin rekord səviyyələrə kimi bahalaşmasından və iqtisadiyyatın sürətli inkişafından istifadə edərək, siyasi mövqeyini daha da gücləndirirdi. Lakin çərşənbə günü jurnalistlərə açıqlama verən prezident, FED-in səhvlər etdiyini vurğulayıb. Eyni zamanda, Tramp fond indekslərin qiymətlərindəki ucuzlaşmanı "gözlənilən korreksiya" kimi qiymətləndirib. 


Cümə axşamı isə Beynəlxalq Valyuta Fondunun (BVF) sədri Laqarde mərkəzi bankların iqtisadi indikatorlara əsasən verməli olduqları qərarları verdiklərini əlavə edib. Lakin sədr Amerikanın iqtisadi siyasətini tənqid edib: "Düzdür, dünya iqtisadiyyatında islahatlara ehtiyac vardır, amma ümumi sistem dağıdılmamalıdır".


Qeyd etmək lazımdır ki, maliyyə bazarlarında FED-in cari il ərzində artıq üç faiz artımından sonra dördüncü faiz artımına gedə biləcəyi gözləntiləri fonunda qeyri-müəyyənlik artıb.