ABŞ-da inflyasiya: Neftin və idxal qiymətləri amili

11 İyul 2019

Amerikada inflyasiyanın əsas göstəricisi proqnozlaşdırıldığı kimi 1.6%-ə kimi azalsa da baza indeksində 2.1%-ə kimi artım müşahidə edilib.

ABŞ-da inflyasiya: Neftin və idxal qiymətləri amili

Amerika hökümətinin cümə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, iyun ayında illik müqayisədə istehlak qiymətləri indeksi 1.6%, baza indeksi isə 2.1% artıb. May ayında bu göstəricilər müvafiq olaraq 1.8 və 2.0% olmuşdur. Mütəxəssislər də istehlak qiymətləri indeksinin iyun ayında 1.6%-ə kimi azalacağını, baza indeksinin isə 2.0% səviyyəsində qalacağını proqnozlaşdırırdılar. 

Beləliklə, neft və ərzaq məhsullarında qiymət dəyişiklikləri nəzərə alınmadan hesablanan baza göstəricisinin artması, ABŞ-da inflyasiyanın əsas azalma səbəbləri enerji birjalarında neft qiymətlərinin ucuzlaşması ilə əlaqələndirilə bilər. 

Bununla yanaşı, baza indeksində artım isə idxal olunan məhsulların qiymətlərində bahalaşma ilə əlaqələndirilə bilər. Xarici ticarət dövriyyəsi ilə bağlı açıqlanan sonuncu göstəricilərdə, idxal dövriyyəsinin artması müşahidə edilmişdir və bu, Amerika hökümətinin sərt gömrük rüsumları siyasəti fonunda idxal məhsulları qiymətlərinin bahalaşması ilə əlaqələndirilirdi. 

Bütün bunlar isə onu deməyə əsas verir ki, Amerikada inflyasiyanın baza indeksinin artması, ümumi iqtisadi dövriyyənin güclənməsi ilə əlaqədar olmaya bilər. 

Qeyd etmək lazımdır ki, iyun ayında Avropanın Brent neftinin bir barel qiyməti 59$-a kimi ucuzlaşdıqdan sonra "OPEC+" sazişinin müddətinin uzadılması qərarından sonra 64$-a kimi dəyər qazanıb. Dünəndən etibarən isə Amerika sahillərində qasırğa təhlükəsi neft qiymətlərinin əlavə olaraq, 67$-a kimi bahalaşmasına səbəb olub. 

İran ilə Amerika arasında sanksiyaların genişləndirilməsi və Venesuela ilə böhranlı münasibətlərin daha da dərinləşməsi, neft qiymətlərinin gələcəkdə daha da bahalaşa biləcəyini proqnozlaşdırmağa əsas verir.