ABŞ-da inflyasiya son 6 ilin maksimumunda

12 İyun 2018

Amerikada inflyasiyanın son 6 ilin maksimum səviyyəsinə kimi yüksəlməsi, FED-in ilin sonuna kimi dördüncü faiz artımına gedə biləcəyinə işarədir.

ABŞ-da inflyasiya son 6 ilin maksimumunda

Amerikanın statistika idarəsinin çərşənbə axşamı verdiyi rəsmi məlumatlara görə, istehlak qiymətləri indeksi may ayında illik müqayisədə 2.8% artıb. Bu son altı ilin maksimum səviyyəsi hesab edilir və göstəricinin Amerika Mərkəzi Bankının (FED) 2%-lik hədəfinin üzərində artmaqda davam etdiyinin şahidi oluruq. Analitiklər isə illik inflyasiyanın yalnız 2.7%-ə kimi yüksələcəyini proqnozlaşdırırdılar. İstehlak qiymətləri aylıq müqayisədə isə mütəxəssislərin 0.2%-lik ehtimalları qarşılığında 0.2% artıb. 


Bununla yanaşı, enerji və ərzaq məhsulları istisna olmaqla hesablanan, istehlak qiymətlərinin baza indeksində də illik artım dinamikası 2.2%-ə çatıb. Burada da göstərici analitiklərin 2.2%-lik proqnozlarını doğruladaraq, son bir ilin maksimum səviyyəsinə yüksəlib. Aylıq müqayisədə isə baza indeksində artım (0.2%) gözləntilərdən (0.1%) daha yüksək olub.


Məlumatların açıqlanmasından sonra foreks bazarlarından dolların aparıcı valyutalara nisbətən orta qiymətində güclü hərəkətlilik müşahidə edilməyib. Bu isə sabah açıqlanacaq FED-in faiz qərarı və Jerom Povelin mətbuat konfransında çıxışı öncəsi sakitlikdir. 


Qeyd etmək lazımdır ki, maliyyə bazarlarında FED-in cari ilin sonuna kimi əlavə olaraq iki dəfə faiz artımına gedə biləcəyi gözləntiləri, dolların cari qiymətində artıq öz əksini tapıb. Belə ki, dollar indeksi son bir neçə həftə ərzində beş ayın maksimum səviyyəsinə kimi sürətlə bahalaşmışdır. İnvestorları isə ilin sonuna kimi əlavə olaraq dördüncü faiz artımına gediləcəyi düşündürməkdədir. Bu il ərzində ilk faiz artımı mart ayında olmuşdur.