ABŞ-da işsizlik 2-ci aydır artır

01 Fevral 2019

ABŞ-da məşğulların sayında artım gözləntiləri üstələsə də ümumi işsizlik səviyyəsinin dekabr və yanvar aylarında artdığı müşahidə edilir.

ABŞ-da işsizlik 2-ci aydır artır

Amerikanın statistika idarəsinin cümə günü verdiyi rəsmi məlumatlara görə, ölkədə yanvar ayı ərzində qeyri-kənd təsərrüfatında məşğulların sayı (ing.: "NFP") 304 000 nəfər artsa da ümumi işsizlik 4.0% səviyyəsinə yüksəlib. Bu, son 2018-ci ilin mart ayından sonra ən yüksək göstəricidir. Əmək haqlarında artım dinamikası aylıq müqayisədə 0.1%, illik müqayisədə isə 3.2% olub. Əmək haqlarında artımın aylıq müqayisədə 0.3% olacağı, illik müqayisədə 3.2%-də qalacağı proqnozlaşdırılırdı. Bununla yanaşı, dekabr ayının illik göstəricisi 3.2%-dən 3.3%-ə dəyişidirilib.


Mütəxəssislər tərəfindən "NFP" üzrə 165 000 nəfər artım, işsizlik səviyyəsinin isə 3.9% səviyyəsində qalacağı proqnozlaşdırılırdı. Beləliklə, ümumilikdə ABŞ-ın əmək bazarında tendensiyanın zəifləməsi müşahidə edilsə də gələcək aylar üçün müsbət gözləntilərin əsası qoyulduğunu deyə bilərik. Lakin digər tərəfdən nəzərə almaq lazımdır ki, dekabr ayında da 300 min nəfərin üzərində "NFP"-nin açıqlanmasına baxmayaraq, yanvar ayında işsizlik artmaqda davam edir. Əmək haqlarında artımın zəifləməsi də diqqət mərkəzində saxlanılmalıdır. 


Amerikada qeyri-kənd təsərrüfatı sahələrində işləyənlərin sayı ümumi istehsalatda işləyənlərin 80%-i təşkil etdiyi üçün "NFP" göstəricisi Amerikanın əmək bazarındakı gələcək vəziyyəti ölçmək üçün daha önəmli rol oynayır.