ABŞ-da işsizlik azalsa da əmək haqları zəif artır

03 May 2019

Amerikanın əmək bazarında aprel ayı ərzində məşğulluq səviyyəsində artım müşahidə edilsə də əmək haqlarında artım proqnozlardan zəif olub.

ABŞ-da işsizlik azalsa da əmək haqları zəif artır

Amerika hökümətinin açıqladığı rəsmi məlumatlara əsasən, aprel ayı ərzində kənd təsərrüfatı istisna olmaqla ümumi məşğulluq səviyyəsi 263 min nəfər artıb, işsizlik 3.6% səviyyəsinə düşüb. İqtisadçılar məşğulluq səviyyəsində 181 min nəfər artım, işsizliyin 3.8% səviyyəsində qalacağını proqnozlaşdırırdılar. 


Lakin əmək haqlarında artım dinamikası illik müqayisədə 3.2%, aylıq müqayisədə isə 0.2% səviyyəsində qalıb. Mütəxəssislər göstəricilərin müvafiq olaraq, 3.3 və 0.3%-ə yüksələcəyini proqnozlaşdırırdılar. 


Ümumilikdə göstəricilər üzrə təhlil onu göstərir ki, məşğulluq səviyyəsində artım proqnozları üstələsə də bu, əmək haqlarında artıma təsir etməyib. Mart ayında da eyni tendensiya müşahidə edilmiş, lakin əmək haqlarında artım sürəti proqnozlaşdırılandan daha çox azalmışdır. Əmək bazarında müsbət tendensiya özünü əmək haqlarında və inflyasiyada da göstərməlidir. Bu zaman iqtisadiyyatda müsbət tendensiyadan söhbət gedə bilər. 


Amerika mərkəzi bankı (FED) monetar siyasəti ilə ölkədə 2% ətrafında dayanıqlı inflyasiya səviyyəsi hədəfləyir. Son aylar isə ABŞ-da baza inflyasiyası  2.0%-ə kimi azalmışdır.