ABŞ-da işsizlik son 48 ilin minimumunda

05 Oktyabr 2018

Amerikanın əmək bazarında əmək haqları və məşğulların sayı zəif artsa da işsizlik səviyyəsi son 48 ilin minimum səviyyəsini yeniləyib.

ABŞ-da işsizlik son 48 ilin minimumunda

Amerikanın statistika idarəsinin cümə günü verdiyi rəsmi məlumatlara görə, ölkədə sentyabr ayı ərzində qeyri-kənd təsərrüfatında məşğulların sayı (ing.: "NFP") 134 000 nəfər artıb, işsizlik 3.8%-ə düşüb. Əmək haqlarında artım dinamikası isə 0.3% səviyyəsində qalmaqdadır və avqust ayının 0.4%-lik artımı da 0.3% ilə dəyişdirilib. İllik artım 2.9%-dən 2.8%-ə kimi azalıb. 


Mütəxəssislər tərəfindən "NFP" üzrə 185 000 nəfər və əmək haqlarında 0.3%-lik artım, işsizlik səviyyəsinin də 3.8% səviyyəsinə düşəcəyi proqnozlaşdırılırdı. Beləliklə, "NFP" üzrə göstəricilər gözləniləndən zəif, işsizlik isə gözləniləndən daha yaxşı açıqlanıb. 


Amerikada qeyri-kənd təsərrüfatı sahələrində işləyənlərin sayı ümumi istehsalatda işləyənlərin 80%-i təşkil etdiyi üçün "NFP" göstəricisi Amerikanın əmək bazarındakı gələcək vəziyyəti ölçmək üçün daha önəmli rol oynayır.


Məlumatların açıqlanmasından sonra dolların aparıcı valyutalara nisbətən orta qiymətində dalğalanma artmaqla, cümə gününün maksimum səviyyəsini yeniləsə də yenidən ucuzlaşmağa başlayıb.