ABŞ-da qarışıq əmək bazarı göstəriciləri

06 Sentyabr 2019

Beynəlxalq maliyyə bazarlarında Amerikanın əmək bazarında məşğulluq sayında artım zəif açıqlansa da əmək haqlarında artım proqnozları üstələyib.

ABŞ-da qarışıq əmək bazarı göstəriciləri

Amerikanın statistika idarəsinin cümə günü açıqladığı rəsmi məlumatlara əsasən, qeyri-kənd təsərrüfatı sahələrində işləyənlərin sayı avqust ayında 130 min nəfər artıb, işsizlik səviyyəsi isə 3.7% səviyyəsində qalıb. İqtisadçılar məşğulluqda 160 min nəfər artım işsizlik səviyyəsinin isə dəyişməyəcəyini ehtimal edirdilər. 

Bununla yanaşı, məlumatlarda əmək haqlarının aylıq müqayisədə 0.4%, illik müqayisədə isə 3.2% artığı göstərilib. Burada mütəxəssislər müvafiq olaraq 0.3 və 3.1%-lik artım proqnozlaşdırırdılar. 

Əmək haqları ilə bağlı göstəricilərin bu gün müsbət açıqlanmasına baxmayaraq, ABŞ iqtisadiyyatı üzrə fundamental göstəricilərin ümumi mənzərəsi mənfi qiymətləndirilir. Cari həftənin çərşənbə axşamı ölkənin sənaye sektorunda böhranın başlamasına dair statistik məlumatlar açıqlanmağa başlanılıb. Dünyada ticarət böhranlarının, xüsusilə ABŞ və Çin arasında siyasi və iqtisadi gərginliyin dərinləşməsi, sözügedən ölkələr də daxil olmaqla iqtisadiyyatlara qlobal ölçüdə mənfi təsir edir. 

Qeyd etmək lazımdır ki, məşğulluq səviyyəsində artım gələcəkdə əmək haqlarına da müsbət təsir edir. Lakin Amerikada uzun müddət tam məşğulluq hökm sürsə də əmək haqlarında artım zəif olaraq qalır. Əmək haqlarında artım ilə məşğulluqda artım tendensiyaları özünü bərabər biruzə verməlidir. Bu gün dərc edilən göstəricilər isə digər göstəricilər daxil olmaqla ümumi mənzərəni qarışdırdı. Bu keçmiş aylarda da belə olmuşdur. Beləliklə, əmək haqlarında müsbət tendensiya özünü gələcək aylarda da davamlı olaraq göstərərsə, bu, Amerika iqtisadiyyatının ümumi mənzərəsində də müsbət dəyişikliyə səbəb ola bilər.