ABŞ-da yeni vergi islahatı planı diqqət mərkəzində

01 Dekabr 2017

ABŞ senatının yeni vergi qanunu səsverməsini təxirə salması, foreks bazarlarında dolların ucuzlaşmasına səbəb olub.

ABŞ-da yeni vergi islahatı planı diqqət mərkəzində

Maliyyə bazarlarında qarışıq vəziyyət davam edir. Xüsusilə də, ABŞ-da həyata keçirilməsi planlaşdırılan yeni vergi islahatı proqramı investorların diqqət mərkəzindədir. 

Proqram ilə bağlı açıqlanan sonuncu məlumatlara görə isə ABŞ-Senatı cümə axşamı gözlənilmədən respublikaçıları məyus edib - səsvermə təxirə salınıb. Beləliklə, respublikaçıların yeni qanunun səsverməyə və çoxluq üçün uyğun səviyyəyə gətirilməsində çətinlik çəkir. 

Dünya valyuta birjalarında dollar indeksi cari həftənin ilk yarısında 0.8% bahalaşsa da, ikinci yarısında qiymətin yenidən 0.5% ucuzlaşdığının şahidi oluruq. 

Qeyd etmək lazımdır ki, respublikaçılar Donald Trampın istədiyi kimi (15%) olmasa da, Amerikada vergilərin kəskin azaldılmasını nəzərdə tutan planı noyabr ayının 3-ü parlamentə təqdim ediblər. Yeni planda sahibkarlardan tutulan vergilərin 35%-dən 20%-ə kimi azaldılması təklif edilir. 1986-ci ildən sonra ən böyük vergi islahatı olan bu plan konqresdən keçərsə, Tramp üçün "Obamacare" səhiyyə proqramının ləğvi prosesinin uğursuzluğundan sonra ən böyük uğur sayılacaqdır. Bununla yanaşı, Donald Tramp "vergi oasis"-ləri ilə mübarizəyə də davam etməkdədir. O, burada fəaliyyət göstərən şirkətlərə də vergilərin tətbiq edilməsini istəyir.