ABŞ-da yeni vergi qanunun qəbulu gözləntiləri

18 Dekabr 2017

Maliyyə bazarlarında dollar indeksi cümə günü 0.7% bahalaşsa da, bazar ertəsi yenidən 0.4% ucuzlaşıb. Diqqətlər yeni vergi qanunun qəbulu səs verməsində.

ABŞ-da yeni vergi qanunun qəbulu gözləntiləri

Amerikada yeni vergi qanunun qəbulu səs verməsinin çərşənbə axşamı olacağı gözlənilir. Donald Tramp tərəfindən təqdim edilən layihə, respublikaçılar üçün "tarixi" zəfər hesab edilir. Avropada isə ABŞ-da qəbul ediləcək yeni vergi siyasətinin mənfi təsirləri fonunda narahatlıqlar artıb. 

Çərşənbə axşamı, respublikaçıların senatdan və parlamentdən uğurla keçirtdikləri qanunun yekun ortaq formatının səs verməsi baş tutacaq. Beləliklə, səs vermə çərşənbə axşamı da uğurla başa çatarsa, ABŞ prezidenti Donald Tramp 1.5 trilyon dollarlıq vergi güzəştini nəzərdə tutan yeni qanunun imzalaya bilər. 

Yeni vergi qanununda korporativ vergi dərəcəsinin 35%-dən 21%-ə kimi azaldılması nəzərdə tutulub. Avropa Birliyində isə bu, ortalama olaraq 22%-dir (İngiltərə və İrlandiyada daha aşağıdır). Bununla yanaşı, digər vergi ödəyiciləri üçün də vergi güzəştləri nəzərdə tutulub. Məsələn, qanun layihəsinin ən son versiyasında ən yüksək gəlirli insanların fərdi vergi dərəcəsi 39.6%-dən 37.0%-ə düşəcək.

Beləliklə, bu qanun layihəsi nəticəsində gələn on il ərzində vergilər 1.5 milyon dollar azalacaq və ölkənin investor və Çin kimi xarici hökümətlərə olan 20 trilyon dollarlıq borcuna 1 trilyon dollar da əlavə edəcək. Avropada isə investisiyaların Amerikaya axacaqlarından narahatdırlar - işsizliyin artması isə ən pis nəticə hesab edilir. 

Qeyd etmək lazımdır ki, layihə əgər təsdiq olunub, qanuna çevrilsə, bu, Trampın on bir aylıq prezidentliyi ərzində əldə etdiyi ilk qanunvericilik nailiyyəti olacaq. Maliyyə bazarlarında isə səs vermənin nəticələri böyük maraqla gözlənilir. Dolların aparıcı valyutalara nisbətən orta qiyməti isə cümə günü 0.7% bahalaşsa da, bazar ertəsi yenidən 0.4% ucuzlaşıb.