ABŞ-dan göstəricilər və Dolların bahalaşması

04 Oktyabr 2019

Amerikanın əmək bazarında işsizlik 0.2% azalsa da, əmək haqlarında artım olmayıb və mənfi ticarət saldosu da artıb. Foreksdə dollar bahalaşdı.

ABŞ-dan göstəricilər və Dolların bahalaşması

Amerikanın əmək bazarında işsizlik 0.2% azalsa da, əmək haqlarında artım olmayıb və mənfi ticarət saldosu da artıb. 

Amerikanın statistika idarəsinin cümə günü açıqladığı rəsmi məlumatlara əsasən, sentyabr ayında işsizlik səviyyəsi 3.5%-ə düşüb, kənd təsərrüfatından qrağda işləyənlərin (ing.: "NFP") sayı 136 min nəfər artıb. Əmək haqlarında aylıq artım olmamaqla illik göstərici də 3.2%-dən 2.9%-ə düşüb. 

Mütəxəssislər işsizlik səviyyəsində dəyişikliyin olmayacağını, "NFP"-də 148 min nəfər artım, əmək haqlarında isə aylıq 0.3%, illik 3.2%-lik artım proqnozlaşdırırdılar. Beləliklə, işsizlik səviyyəsinin proqnozlardan yaxşı açıqlanması istisna olmaqla, gələcəkdə inflyasiyaya böyük təsir edən əmək haqları göstəriciləri məyus edib. 

Bununla yanaşı, ixrac dövriyyəsində 0.5, idxal həcmində isə 1.4 milyard dollar artım olub. İxrac həcmi artıq 3-cü aydır artır və idxalın həcmində artım daha çox hökümətin proteksionist siyasətilə əlaqədar olaraq qiymətlərin bahalaşması ilə bağlıdır. Ticarət balansında mənfi saldonun da artması, bocrlanmanı sürətləndirə bilər. 

Beynəlxalq valyuta birjalarında dolların qiymətləri göstəricilərin açıqlanmasından sonra bahalaşdı. Bunun bir səbəbi, qısa müddətli perspektivdə işsizliyin yaxşı açıqlanmasına olan müsbət reaksiya ilə bağlı ola bilər. Digər tərəfdən həftə sonuna doğru bazarlarda dolların bahalaşması amili də səbəb kimi göstərilə bilər. Üçüncü səbəb isə gələcək aylarda inflyasiyaya mənfi təsir edə biləcək əmək haqlarında azalma göstəricisinin qlobal iqtisadiyyatlara da mənfi təsir etməsi fonunda Amerikanın və dolların daha yaxşı vəziyyətdə olması ilə əlaqədar ola bilər. 

Lakin nəzərə almaq lazımdır ki, əmək haqlarında mənfi göstəricilərin dərc edilməsi, Amerika Mərkəzi Bankının (FED) növbəti faiz azaldılması üzrə ehtimalları da artıra bilər. Bu da öz növbəsində gələcək sessiyalarda dolların yenidən ucuzlaşmasına səbəb ola bilər.