ABŞ-dan önəmli göstəricilər gözlənilir

04 Sentyabr 2018

Avrozona və digər ölkələrdə fundamental göstəricilərin zəif açıqlanması, dollara olan tələbin artmasına səbəb olur. Bu gün dalğalanma daha da arta bilər.

ABŞ-dan önəmli göstəricilər gözlənilir

Zəif fundamental göstəricilər və Avro. 

Dünya valyuta birjalarında Avrozona ilə bağlı statistik göstəricilərin mənfi açıqlanması, avronun ucuzlaşmasına səbəb olur. Maliyyə bazarlarında hal-hazırda 1.16$-a ticarət edilən EUR/USD məzənnəsi 1.15$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.


Qızıl təzyiq altında qalmaqda davam edir. 

Əlvan metallar bazarlarında isə qızılın qiyməti keçən həftə 1214$-a kimi bahalaşsa da, güclü müqavimətlə rastlaşaraq, yenidən ucuzlaşıb. Təhlillərə əsasən, qiymət keçən həftənin minimum səviyyəsi sayılan 1196$-ı da aşağı istiqamətdə qıraraq, altında qalarsa, 1181$-a kimi ucuzlaşa bilər.


ABŞ-dan açıqlanacaq fundamental göstəricilərin önəmliyi. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 18:00-da ABŞ-ın sənaye sektorunda biznes aktivliyini ölçən indeksin açıqlanması da avro/dollar məzənnəsi və qızılın qiymətində dalğalanmanın güclənməsinə səbəb ola bilər.


ABŞ-ın bazarda təminatın araşdırması institutunun (ing.: "İnstitute for Supply Management", "ISM") sənaye bazarı üzrə biznes mühiti indeksi aprel ayından etbarən zəifləməyə başlayıb. Beləliklə, bu gün göstərici 58.1 punktun altında və bu zaman cari ilin minimum səviyyəsi sayılan 57.3 punktun da aşağısında açıqlanarsa, bu dolların ucuzlaşmasını sürətləndirə bilər. Dolların aparıcı valyutalara nisbətən orta qiyməti avqust ayının ortalarından etibarən ucuzlaşmağa başlayıb. 


Göstəricinin zəif açıqlanması, ABŞ-da müşahidə edilən rüblük sürətli inkişafın (4.2%) dayanıqlığı fonunda gözləntilər və beləliklə, Amerika Mərkəzi Bankının (FED) ilin sonuna kimi əlavə iki faiz artıracağı ehtimallar da zəifləyə bilər. Foreks bazarlarında dolların qiymətində ilin sonuna kimi iki faiz artımı artıq nəzərə alınıb. Bu gözləntilərin azalması isə dolların geriləməsinə səbəb ola bilər.