ABŞ-dan önəmli göstəricilər və Dollara təsiri

05 İyun 2020

Göstəricilər proqnozlaşdırıldığından daha pis açıqlanarsa, bu, foreks bazarlarında dolların əlavə 2%-ə kimi ucuzlaşmasına təsir edə bilər.

ABŞ-dan önəmli göstəricilər və Dollara təsiri

Bu gün Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq Amerikanın əmək bazarı ilə bağlı fundamental göstəriciləri dünya valyuta birjalarında güclü dalğalanmalara səbəb ola bilər.


Ümumi məlumat. 

Əmək bazarı ilə bağlı ABŞ-dan açıqlanacaq önəmli fundamental göstəricilər hər ayın ilk cümə günü dərc olunur. Bu göstəricilər investorlar tərəfindən diqqətlə izlənilir və beynəlxalq maliyyə bazarlarında güclü dalğalanmalara səbəb olur. Əmək bazarı ilə bağlı göstəricilər arasında işsizlik səviyyəsi, qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq sayındakı dəyişiklik (ing. "NFP") və əmək haqlarında dəyişiklik dinamikası yer tutur. "NFP" bu göstəricilər arasında xüsusi çəkiyə malikdir. Belə ki, investorlara qiymət istiqamətini proqnozlaşdırmağa imkan yaradır.


Nə gözlənilir? 

May ayı üzrə açıqlanacaq göstəricilər arasında işsizlik səviyyəsinin 19.7% artması, məşğulluq səviyyəsinin 8 000 000 nəfər azalması və əmək haqlarında isə 1% artım proqnozlaşdırılır. Qeyd etmək lazımdır ki, Amerikada işsizlik fevral ayında 3.5% ilə tam məşğulluq hökm sürsə də mart ayından etibarən işsizik artmağa başlayıb. Aprel ayında isə sözügedən göstərici 14.7% ilə son 50 ilin maksimumuna yüksəlmişdir.


Valyuta birjalarına təsiri. 

Göstəricilər proqnozlaşdırıldığı kimi açıqlanarsa, bu, dünya birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiymətinin cari səviyyələrdən daha çox ucuzlaşmasına təsir etməyəcəyi proqnozlaşdırılır. Cari mənfi proqnozlar son günlər ucuzlaşan dolların qiymətlərində artıq nəzərə alınıb. Göstəricilər proqnozlaşdırıldığından daha pis açıqlanarsa, bu, foreks bazarlarında dolların əlavə 2%-ə kimi ucuzlaşmasına təsir edə bilər. Göstəricilərin proqnozlaşdırılandan daha yaxşı açıqlanması isə investorlarda Amerika iqtisadiyyatının gələcəyinə dair ümidləri artırmaqla, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin də yenidən 2% bahalaşmasına səbəb ola bilər.