ABŞ-dan Türkiyəyə qarşı qanun layihəsi gündəmdə

17 Oktyabr 2019

Beynəlxalq maliyyə bazarlarında ABŞ ilə Türkiyə arasında siyasi münasibətlərə mənfi təsir edə biləcək hadisələr investorların diqqət mərkəzindədir.

ABŞ-dan Türkiyəyə qarşı qanun layihəsi gündəmdə

ABŞ parlamentinin aşağı palatası Xarici Siyasət Komissiyası Suriyanın şimalında başladılan "Sülh çeşməsi" (Barış Pınarı) əməliyyatı ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və türk səlahiyyətliləri, həmçinin müdafiə sənayesi ilə bağlı banklara qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul edib. Sanksiyalar əməliyyatların dayandırılmasına nail olmaq məqsədi daşıyır. 

Bununla yanaşı, qanun layihəsində Türkiyənin Rusiyadan S-400 zenit-raket sistemlərini alması ilə əlaqədar sanksiyanın tətbiq olunması da yer alıb. 

Beləliklə, qanun layihəsi qüvvəyə minərsə, yəni, qanun Nümayəndələr Palatası və Senat tərəfindən qəbul olunduqdan sonra Prezident də onu imzalayarsa, Suriyada əməliyyat keçirən Türkiyə Silahlı Qüvvələrinə Amerika silahlarının satışı əngəllənəcəkdir. 

Qeyd etmək lazımdır ki, Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu oktyabrın 9-dan Suriyanın şimalında PKK/YPG/PYD terror təşkilatına qarşı əməliyyat keçirir.