ABŞ: Əmək bazarında gözləniləndən çox inkişaf sürəti

02 Fevral 2018

Əmək bazarı ilə bağlı sürpriz göstəricilərin açıqlanması, foreks bazarlarında dolların bahalaşmasına təsir edir.

ABŞ: Əmək bazarında gözləniləndən çox inkişaf sürəti

Amerikanın statistika idarəsinin cümə günü verdiyi rəsmi məlumatlara görə, ölkədə dekabr ayı ərzində qeyri-kənd təsərrüfatında məşğulların sayı (ing.: "NFP") 200 000 nəfər artıb və işsizlik 4.1% səviyyəsində qərarlaşıb. Əmək haqlarında isə artım dinamikası yanvar ayında 0.4%-dən 0.3%-ə düşüb. Analitiklər də əmək haqlarında 0.3%-lik artım və işsizliyin 4.1% səviyyəsində möhkəmlənməsini proqnozlaşdırırdılar. Lakin "NFP"-nin 184 min nəfər artacağı gözlənilirdi. 

Amerikada qeyri-kənd təsərrüfatı sahələrində işləyənlərin sayı ümumi istehsalatda işləyənlərin 80%-i təşkil etdiyi üçün "NFP" göstəricisi Amerikanın əmək bazarındakı gələcək vəziyyəti ölçmək üçün önəmli göstəricidir. 

İşsizlik səviyyəsinin artıq dördüncü aydır ard-arda 4.1% açıqlanması, burada dayanıqlı inkişafa işarədir. Bununla yanaşı, dekabr ayının əmək haqlarında artım göstəricisinin müsbətə doğru dəyişdirilməsi, inflyasiyanın gələcək aylarda güclənə biləcəyinə işarədir. Sonuncu məlumatlara əsasən, ABŞ-da inflyasiya 2.1%-dir və yanvar ayı üzrə göstəricilərin isə fevral ayının 14-ündə yayımlanması gözlənilir. 

Məlumatların açıqlanmasından sonra son üç ilin minimum səviyyələrində ticarət edilən, dolların aparıcı valyutalara nisbətən orta qiyməti bahalaşmağa başlayıb və 1% də dəyər qazana biləcəyi proqnozlaşdırılır. 

Lakin nəzərə almaq lazımdır ki, gələcək aylarda inflyasiyanın daha da arta biləcəyi gözləntiləri ilə Amerika Mərkəzi Bankının ("FED") faiz artımı dinamikası arasında fərqin böyüməsi, dollara təzyiq edən önəmli amillər arasındadır. Beləliklə, bundan sonra "FED"-in gələcək planları ilə bağlı açıqlamaları investorların diqqət mərkəzində olacaqdır. Eyni zamanda, dolların ucuzlaşmasına digər aparıcı valyutaların bahalaşması da təzyiq etməkdədir və bütün bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, dolların qiymətində müşahidə edilən cari bahalaşma, müvəqqəti qiymətləndirilə bilər.