ABŞ: G20 toplantısında yekun razılaşma gözlənilmir

12 İyun 2019

ABŞ ilə Çin arasında may ayında pozulan ticarət danışıqlarının G20 toplantısında bərpa edilə biləcəyi, lakin yekun qərar veriləcəyi gözlənilmir.

ABŞ: G20 toplantısında yekun razılaşma gözlənilmir

Amerikanın ticarət naziri Vilbur Ross Çin ilə gömrük böhranının yaxın zamanda həll edilə biləcəyi ümidlərinin azalmasına səbəb olub. 


Ross çərşənbə axşamı verdiyi açıqlamasında bildirib ki, ayın sonunda Yaponiyanın Osaka şəhərində baş tutacaq G20 zirvə toplantısı ABŞ ilə Çin arasında danışıqlarda irəliləyişlərin əldə olunması üçün müsbət imkan ola bilər, lakin yekun razılaşmanın əldə edilə biləcəyi gözlənilmir. 


Qeyd etmək lazımdır ki, iyun ayının sonlarında iki ölkə prezidentlərinin görüşü planlaşdırılır. Maliyyə bazarlarında isə may ayında pozulan danışıqların yenidən bərpa edilə biləcəyi ehtimal edilir. 


Sonuncu dəfə Donald Tramp əlavə 300 milyard dollar dəyərindən idxal olunan Çin məhsullarına qarşı gömrük rüsumlarının tətbiqi ilə təhdid etmişdi. Çin tərəfi isə buna cavab verməyə hazır olduğunu bildirmişdi.