ABŞ-ın əmək bazarında göstəricilər zəif açıqlandı

07 Dekabr 2018

Amerikanın əmək bazarında əmək haqları və məşğulların sayının zəif artması, FED-in gələcək il üzrə faiz artımı ehtimallarını da zəiflədir.

ABŞ-ın əmək bazarında göstəricilər zəif açıqlandı

Amerikanın statistika idarəsinin cümə günü verdiyi rəsmi məlumatlara görə, ölkədə noyabr ayı ərzində qeyri-kənd təsərrüfatında məşğulların sayı (ing.: "NFP") 161 000 nəfər artıb, işsizlik 3.7% səviyyəsində qalıb. Əmək haqlarında artım dinamikası aylıq müqayisədə 0.2%-ə yüksəlsə də 0.3%-lik proqnozlardan zəif olub. İllik müqayisədə isə əmək haqlarında artım 3.1% səviyyəsi qorunmaqdadır. 


Mütəxəssislər tərəfindən "NFP" üzrə 200 000 nəfər artım, işsizlik səviyyəsinin isə 3.7% səviyyəsində qalacağı proqnozlaşdırılırdı. Beləliklə, ümumilikdə ABŞ-ın əmək bazarında tendensiyanın zəifləməsi müşahidə edilir. "NFP" və əmək haqlarında artımların mütəxəssislərin proqnozlarından zəif açıqlanması, gələcəkdə inflyasiyanın da azala biləcəyinə işarədir. Bu, Amerika Mərkəzi Bankının (FED) faiz artımı ehtimallarını da azaldır


Amerikada qeyri-kənd təsərrüfatı sahələrində işləyənlərin sayı ümumi istehsalatda işləyənlərin 80%-i təşkil etdiyi üçün "NFP" göstəricisi Amerikanın əmək bazarındakı gələcək vəziyyəti ölçmək üçün daha önəmli rol oynayır.


Məlumatların açıqlanmasından sonra dolların aparıcı valyutalara nisbətən orta qiymətlərinin ucuzlaşmasına səbəb olub. EUR/USD məzənnəsi 1.14, GBP/USD məzənnəsi isə 1.28$-a ticarət edilməkdədir. 


Qeyd etmək lazımdır ki, bu gün dərc edilən göstəricilərin gözləntiləri məyus etməsi, sonuncu dəfə dərc edilən ABŞ iqtisadiyyatının inkişaf tendensiyasını əks etdirir. Amerikanın üçüncü rübündə 3.6%-lik inkişaf ehtimal edilirdisə, 3.5%-lik artım yayımlanmışdı.