ABŞ-ın əmək bazarında inkişaf sürəti yenidən güclənib

01 İyun 2018

Amerikanın əmək bazarında məşğulların artım sürəti və əmək haqlarında artım göstəricisi maliyyə bazarları gözləntilərini üstələyib.

ABŞ-ın əmək bazarında inkişaf sürəti yenidən güclənib

Amerikanın statistika idarəsinin cümə günü verdiyi rəsmi məlumatlara görə, ölkədə may ayı ərzində qeyri-kənd təsərrüfatında məşğulların sayı (ing.: "NFP") 223 000 nəfər artıb və işsizlik 3.8%-ə düşüb. Əmək haqlarında artım dinamikası da may ayında 0.3%-a yüksəlib. Hər üç göstərici üzrə məlumatlar mütəxəssislərin gözləntilərini üstələyib. Belə ki, mütəxəssislər "NFP" üzrə 189 000 nəfər, əmək haqlarında 0.2%-lik artım, işsizlik səviyyəsinin isə 3.9% səviyyəsində qalacağı proqnozlaşdırılırdı.


Amerikada qeyri-kənd təsərrüfatı sahələrində işləyənlərin sayı ümumi istehsalatda işləyənlərin 80%-i təşkil etdiyi üçün "NFP" göstəricisi Amerikanın əmək bazarındakı gələcək vəziyyəti ölçmək üçün daha önəmli rol oynayır. 


ABŞ-ın əmək bazarında yaxşılaşma dinamikası 2017-ci ilin sentyabr ayından etibarən zəifləmişdi. Lakin 2018-ci ilin aprel ayından işsizliyin azalması dinamikası yenidən artıb. Lakin bütün bunlara baxmayaraq, əmək haqlarında artım 0.3%-ı keçə bilmir. Gələcək aylarda isə burada da irəliləyiş müşahidə edilərsə və məşğulluğun artım sürəti cari səviyyələrdə qalarsa, bu, Amerika Mərkəzi Bankının (FED) sonuncu açıqlanan monetar siyasəti qərarında iqtisadi inkişafın güclənməsi fikirlərinin ixtisarına yenidən baxa bilər. Beləliklə, əlavə faiz artımı gözləntiləri də güclənər. 


Məlumatların açıqlanmasından sonra dolların aparıcı valyutalara nisbətən orta qiymətində bahalaşma məhdud (0.5%) olub. Foreks bazarlarında dollar son 3 aydır 6 ayın maksimum səviyyəsinə kimi bahalaşdıqdan sonra cari həftənin minimum səviyyəsinə kimi ucuzlaşıb. Bu isə daha çox ABŞ-ın yeni xarici ticarət qərarı ilə əlaqədardır. Qərarın dünya tərəfindən hansı reaksiyaya səbəb olacağı və xüsusilə, G7 dövlətlərinin hansı addımlar atacağı investorların diqqət mərkəzindədir.