ABŞ-ın əmək bazarında işsizlik 4.0%-ə artdı

06 İyul 2018

Amerikanın əmək bazarında işsizliyin artması, prezident Donald Trampın sərt xarici siyasəti fonunda müvəqqəti çətinliklə əlaqələndirilə bilər.

ABŞ-ın əmək bazarında işsizlik 4.0%-ə artdı

Amerikanın statistika idarəsinin cümə günü verdiyi rəsmi məlumatlara görə, ölkədə iyun ayı ərzində qeyri-kənd təsərrüfatında məşğulların sayı (ing.: "NFP") 213 000 nəfər artıb, lakin işsizlik 4.0%-ə yüksəlib. Əmək haqlarında artım dinamikası isə iyun ayında 0.2%-a düşüb. Mütəxəssislər tərəfindən "NFP" üzrə 200 000 nəfər və əmək haqlarında 0.3%-lik artım, işsizlik səviyyəsinin isə 3.8% səviyyəsində qalacağı proqnozlaşdırılırdı.


Amerikada qeyri-kənd təsərrüfatı sahələrində işləyənlərin sayı ümumi istehsalatda işləyənlərin 80%-i təşkil etdiyi üçün "NFP" göstəricisi Amerikanın əmək bazarındakı gələcək vəziyyəti ölçmək üçün daha önəmli rol oynayır. 


Bununla yanaşı, may ayında ixracın həcmi 215.3 milyard dollara kimi 4.1 milyard dollar artaraq, mənfi ticarət saldosunun 46.1 milyard dollardan 43.1 milyard dollara kimi azalmasına səbəb olub. İdxal həcmi isə 258.4 milyard dollara kimi 0.9 milyard dollar artıb. 


ABŞ-ın yeni sərt xarici ticarət siyasətinin əmək bazarına mənfi təsiri müvəqqəti ola bilər. 

ABŞ-ın əmək bazarında 2018-ci ilin aprel ayından işsizliyin azalması dinamikası yenidən artsa da, digər tərəfdən bu gün açıqlanan göstəricilərdə ümumi işsizlik səviyyəsinin də artdığının şahidi oluruq. Bunun iki səbəbi ola bilər. Əhalinin sayında və ya ixtisar olunanların sayında artım müşahidə edilir. Amerika hökümətinin yeni xarici ticarət və immiqrantlarla bağlı siyasəti isə daha çox ixtisarların arta biləcəyini ehtimal etməyə imkan verir. 


ABŞ höküməti Avropa, Kanada və Meksika məhsullarına olan idxal rüsumlarını artırmaqla, idxal siyasətini sərtləşdirir. Bununla da idxal həcminə nəzarəti gücləndirilir, daxili istehsalın, qiymətlərin, əmək haqlarının artmasına və dövlət borcunun azalmasına çalışılır. Amerika dövlət borcuna görə (105.4%) dünyada 5-ci yerdədir. 


Yuxarıdakı siyasət özü ilə idxal məhsulları sektorunda böhrana səbəb olmaqla yanaşı, işsizlik səviyyəsinin də müvəqqəti olaraq artmasına və əmək haqlarında dinamikanın zəifləməsinə təsir edir. Lakin yeni siyasət ixracın gələcəkdə daha da artmasına və beləliklə, cari çətinliyi müsbət tendensiya ilə əvəzləyə bilər. Lakin sözügedən siyasət fonunda qeyri-müəyyənlik də mövcuddur. 


Sərt xarici ticarət ilə inkişafın sürətləndirilməsi planlaşdırılsa da, gələcəyə dair qeyri-müəyyənlik də mövcuddur. 

Məlumatların açıqlanmasından sonra dolların aparıcı valyutalara nisbətən orta qiyməti ucuzlaşıb. Bu isə ABŞ prezidenti Donald Trampın yeni sərt xarici siyasəti fonunda qeyri-müəyyənliklə əlaqədardır.