ABŞ-ın əmək bazarında mənfi tendensiya

05 Aprel 2019

Amerikanın əmək bazarında mart ayı ərzində məşğulluq səviyyəsində artım müşahidə edilsə də əmək haqlarında artım dinamikası çox zəifləyib.

ABŞ-ın əmək bazarında mənfi tendensiya

Amerika hökümətinin açıqladığı rəsmi məlumatlara əsasən, mart ayı ərzində kənd təsərrüfatı istisna olmaqla ümumi məşğulluq səviyyəsi 196 min nəfər artıb, işsizlik 3.8% səviyyəsində qalıb. İqtisadçılar məşğulluq səviyyəsində 175 min nəfər artım, işsizliyin 3.8% səviyyəsində qalacağını proqnozlaşdırırdılar. 


Lakin əmək haqlarında artım dinamikası illik müqayisədə 3.2%, aylıq müqayisədə isə 0.1%-ə düşüb. Mütəxəssislər göstəricilərin müvafiq olaraq, 3.4 və 0.2% yayımlanacağını proqnozlaşdırırdılar. 


Ümumilikdə göstəricilər üzrə təhlil onu göstərir ki, məşğulluq səviyyəsində artım proqnozları üstələsə də bu, əmək haqlarında artıma təsir etməyib, əksinə olaraq, əmək haqlarında artım sürəti proqnozlaşdırılandan daha çox azalıb. Bunun gələcəkdə inflyasiyaya da mənfi təsir edə biləcəyi gözlənilir. 


Amerika mərkəzi bankı (FED) monetar siyasəti ilə ölkədə 2% ətrafında dayanıqlı inflyasiya səviyyəsi hədəfləyir. Son aylar isə ABŞ-da inflyasiya 1.5%-ə düşüb.