ABŞ-ın əmək bazarında müvəqqəti durğunluq

03 Avqust 2018

ABŞ-da işsizliyin azalması dinamikasında zəifləmə, prezident Donald Trampın sərt xarici siyasəti fonunda müvəqqəti çətinliklə əlaqələndirilir.

ABŞ-ın əmək bazarında müvəqqəti durğunluq

Amerikanın statistika idarəsinin cümə günü verdiyi rəsmi məlumatlara görə, ölkədə iyul ayı ərzində qeyri-kənd təsərrüfatında məşğulların sayı (ing.: "NFP") 257 000 nəfər artıb, işsizlik 3.9%-ə kimi azalıb. Əmək haqlarında artım dinamikası isə iyul ayında 0.3%-ə yüksəlib. Mütəxəssislər tərəfindən "NFP" üzrə 193 000 nəfər və əmək haqlarında 0.3%-lik artım, işsizlik səviyyəsinin də 3.9% səviyyəsinə düşəcəyi proqnozlaşdırılırdı. Beləliklə, "NFP" üzrə göstəricinin zəif açıqlandığı və digər göstəricilərin özünü müsbət mənada doğrultuğu müşahidə edilir.


Amerikada qeyri-kənd təsərrüfatı sahələrində işləyənlərin sayı ümumi istehsalatda işləyənlərin 80%-i təşkil etdiyi üçün "NFP" göstəricisi Amerikanın əmək bazarındakı gələcək vəziyyəti ölçmək üçün daha önəmli rol oynayır. 


Bununla yanaşı, iyun ayında ixracın həcmi 213.8 milyard dollara kimi 1.5 milyard dollar azalaraq, mənfi ticarət saldosunun 43.2 milyard dollardan 46.3 milyard dollara kimi artmasına səbəb olub. İdxal həcmi isə 260.2 milyard dollara kimi 1.8 milyard dollar artıb. Dünyada ABŞ-ın yeni sərt xarici ticarət siyasətinin gələcəkdə nələrə səbəb olacağı dəqiq bilinməsə də, riskli addım hesab edilir. Bu gün isə artıq idxal dəyərinin artdığı və ixrac potensialının zəiflədiyi müşahidə edilir. Beləliklə, Amerika iqtisadiyyatı da zərər görməkdədir. 


Qeyd etmək lazımdır ki, ABŞ Çin kimi ölkələrə qarşı dövlət rüsumlarını artırmaqla, idxalın qarşısını almağa və bəzi məhsuları yerli istehsal ilə əvəz etməyə çalışsa da, buna tamamilə nail ola bilməyəcək və Çindən idxal olunan bəzi məhsullara tələb güclü olaraq qalacaqdır. 


ABŞ-ın yeni sərt xarici ticarət siyasətinin əmək bazarına mənfi təsiri müvəqqəti ola bilər. 

Sonuncu dəfə ABŞ-ın əmək bazarında ümumi işsizlik səviyyəsi də artmışdır. Bu gün işsizlik səviyyəsi azalsa da, may ayının göstəricisinin üzərindədir. Bunun səbəbi, "NFP" üzrə artımın olmasına baxmayaraq, ixtisar olunanların sayında artım daha böyük olması ola bilər. Amerika hökümətinin yeni xarici ticarət və immiqrantlarla bağlı siyasəti isə daha çox ixtisarların arta biləcəyini ehtimal etməyə imkan verir. 


ABŞ höküməti Avropa, Kanada və Meksika məhsullarına olan idxal rüsumlarını artırmaqla, idxal siyasətini sərtləşdirir. Bununla da idxal həcminə nəzarəti gücləndirilir. Əsaslandırılması isə belədir: Daxili istehsalın və dövlət borcunun azaldılması. Mütəxəssislər tərəfindən isə bunun iqtisadiyyat üçün mənfi təsirlərə səbəb olacağı ifadə edilir. Bunu bu gün və sonuncu açıqlanan göstəricilər də müşahidə etmək mümkündür. Amerika dövlət borcuna görə (105.4%) dünyada 5-ci yerdədir. 


Yuxarıdakı siyasət özü ilə idxal məhsulları sektorunda böhrana səbəb olmaqla yanaşı, işsizlik səviyyəsinin də müvəqqəti olaraq artması və əmək haqlarında dinamikanın zəifləməsinə təsir etməsi təbii iqtisadi prosesdir. Lakin uzun gələcəkdə yeni siyasət ixracın daha da artmasına və beləliklə, cari çətinliyi müsbət tendensiya ilə əvəzləyə bilər. 


Digər tərəfdən artıq ABŞ Avropa ölkələri və Türkiyə ilə ticarət maneələrin aradan qaldırılması istiqamətində də müsbət razılıqlar əldə edib. Bu isə onu deməyə əsas verir ki, xarici ticarətdə və onun əmək bazarında zəif mənfi təsiri müvəqqəti ola bilər. 


Əmək bazarında cari durğunluq yeni xarici ticarət ilə əlaqadardır və müvəqqəti qiymətləndirilir. 

Məlumatların açıqlanmasından sonra dolların aparıcı valyutalara nisbətən orta qiyməti 0.4% ucuzlaşıb. Bu isə cari göstəricilər ilə əlaqədardır. Lakin uzun perspektivə ABŞ iqtisadiyyatı fonunda ciddi narahatlıq yoxdur. Bunu Amerika Mərkəzi Bankı (FED) çərşənbə günü açıqlamasında da bildirmişdir və faiz artımı siyasətlərinə də davam edəcəklərini vurğulamışdırlar.