ABŞ-ın əmək bazarından müsbət göstəricilər

04 Yanvar 2019

Amerikada əmək haqları və məşğulların sayının gözləniləndən yüksək dərc edilməsi, FED-in gələcək il üzrə faiz artımı ehtimallarını da artırır.

ABŞ-ın əmək bazarından müsbət göstəricilər

Amerikanın statistika idarəsinin cümə günü verdiyi rəsmi məlumatlara görə, ölkədə dekabr ayı ərzində qeyri-kənd təsərrüfatında məşğulların sayı (ing.: "NFP") 312 000 nəfər artsa da ümumi işsizlik 3.9% səviyyəsinə yüksəlib. Əmək haqlarında artım dinamikası aylıq müqayisədə 0.4%, illik müqayisədə isə 3.2% səviyyəsinə çatıb. Əmək haqlarında artım aylıq müqayisədə 0.4% səviyyəsində qalacağı, illik müqayisədə 3.1%-dən 3.0%-ə düşəcəyi proqnozlaşdırılırdı. 


Mütəxəssislər tərəfindən "NFP" üzrə 178 000 nəfər artım, işsizlik səviyyəsinin isə 3.7% səviyyəsində qalacağı proqnozlaşdırılırdı. Beləliklə, ümumilikdə ABŞ-ın əmək bazarında tendensiyanın zəifləməsi müşahidə edilsə də gələcək aylar üçün müsbət gözləntilərin əsası qoyulub. "NFP" və əmək haqlarında artımların mütəxəssislərin proqnozlarından güclü açıqlanması, gələcək aylarda inflyasiyanın da arta biləcəyinə işarədir. Bu, Amerika Mərkəzi Bankının (FED) faiz artımı ehtimallarını da yenidən gücləndirir


Amerikada qeyri-kənd təsərrüfatı sahələrində işləyənlərin sayı ümumi istehsalatda işləyənlərin 80%-i təşkil etdiyi üçün "NFP" göstəricisi Amerikanın əmək bazarındakı gələcək vəziyyəti ölçmək üçün daha önəmli rol oynayır.


Məlumatların açıqlanmasından sonra dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşmasına səbəb olub. EUR/USD məzənnəsi 1.14, GBP/USD məzənnəsi isə 1.27$-ın altında ticarət edilməkdədir.