ABŞ-ın əmək bazarından sürpriz göstəricilər

02 Noyabr 2018

Amerikanın əmək bazarında məşğulların sayında artım gözləntiləri üstələyib və əmək haqlarının illik artım dinamikasında da güclü artım var.

ABŞ-ın əmək bazarından sürpriz göstəricilər

Amerikanın statistika idarəsinin cümə günü verdiyi rəsmi məlumatlara görə, ölkədə oktyabr ayı ərzində qeyri-kənd təsərrüfatında məşğulların sayı (ing.: "NFP") 246 000 nəfər artıb, işsizlik 3.7% səviyyəsində qalıb. Əmək haqlarında artım dinamikası da aylıq müqayisədə 0.2%-ə düşsə də illik müqayisədə 2.8%-dən 3.1%-ə yüksəlib. 


Mütəxəssislər tərəfindən "NFP" üzrə 183 000 nəfər və əmək haqlarında aylıq müqayisədə 0.2%-lik artım, işsizlik səviyyəsinin isə 3.7% səviyyəsində qalacağı proqnozlaşdırılırdı. Beləliklə, ümumilikdə ABŞ-ın əmək bazarında müsbət tendensiya müşahidə edilməkdədir. 


Amerikada qeyri-kənd təsərrüfatı sahələrində işləyənlərin sayı ümumi istehsalatda işləyənlərin 80%-i təşkil etdiyi üçün "NFP" göstəricisi Amerikanın əmək bazarındakı gələcək vəziyyəti ölçmək üçün daha önəmli rol oynayır.


Bununla yanaşı, xarici ticarət dövriyyəsində həm ixrac, həm də idxalda artım var. Ticarət balansında mənfi saldonun artması isə idxal həcminin daha çox artmasını göstərir ki, bu da daxili bazarda tələbin - insanların rifahının yüksəlməsinə işarədir. Belə ki, ixrac 209.5milyard dollardan 212.6 milyard dollara, idxal 262.8 milyard dollardan 266.6 milyard dollara, mənfi saldo -53.3 milyard dollardan -54.0 milyard dollara kimi artıb. Xarici ticarət saldosu ixrac həcmindən idxal həcmi çıxılmaqla hesablanır. 


Məlumatların açıqlanmasından sonra dolların aparıcı valyutalara nisbətən orta qiymətlərində artaraq, son günlər ucuzlaşan dollar indeksinin 0.4% bahalaşmasına təsir edib. 


Qeyd etmək lazımdır ki, bu gün dərc edilən müsbət göstəricilər, sonuncu dəfə dərc edilən ABŞ iqtisadiyyatının inkişaf tendensiyasında müşahidə edilən müsbət trendi əks etdirir.