ABŞ-ın xarici ticarətdə mənfi saldosu 6 milyard azalıb

06 Fevral 2019

Amerika ilə Çin arasında hökm sürən ticarət böhranı idxal həcminin daha çox azalması ilə yanaşı, mənfi saldonun da azalmasına səbəb olub.

ABŞ-ın xarici ticarətdə mənfi saldosu 6 milyard azalıb

Amerikanın statistika idarəsinin açıqladığı rəsmi məlumatlara əsasən, noyabr ayında ölkənin ixracı 211.05 milyard dolardan 209.90 milyard dollara, idxalı isə 266.53 milyard dollardan 259.20 milyard dollara kimi azalmışdır. Beləliklə, idxalın ixracdan daha çox azalması, ABŞ-ın xarici ticarət balansında mənfi saldosunun da 55.50 milyard dollardan 49.30 milyard dollara düşməsinə səbəb olub. 


Xarici ticarət balansı müəyyən dövr ərzində idxal ilə ixrac arasında fərqi göstərir. İdxal ixracı üstələyərsə, bu zaman mənfi saldodan (defisit), əksinə olduqda isə müsbət saldodan (profisitdən) danışılır. Amerikada mənfi saldonun azalması, ölkədə dövlət və özəl xərclərin azalmasına təsir edir. 


Qeyd etmək lazımdır ki, ABŞ ilə Çin arasında hökm sürən beynəlxalq ticarət böhranı, hər iki iki ölkə ilə yanaşı, qlobal ticarət dövriyyəsinin də azalmasına səbəb olub. Bu, dünya iqtisadiyyatına dair riskləri artırır və gözləntilərin zəifləməsinə səbəb olur.