ABŞ-ın xarici ticarətində mənfi saldo azalmaqdadır

27 İyun 2018

Amerikanın əmtəə ticarət balansı artıq üçüncü aydır gözləntilərdən yaxşı açıqlanır və mənfi defisit azalır. Məlumatlardan sonra dollar indeksində artım olub.

ABŞ-ın xarici ticarətində mənfi saldo azalmaqdadır

ABŞ-ın rəsmi statistika idarəsinin çərşənbə günü verdiyi rəsmi məlumatlara əsasən, əmtəə ticarət balansında may ayında defisit 67.34 milyard dollardan 64.85 milyard dollara düşüb. Analitiklər isə 1.56 milyard dollarlıq azalma proqnozlaşdırırdılar. 2018-ci ilin fevral ayında mənfi saldo 75.88 milyard dollar ilə son 3 ilin maksimum səviyyəsinə çatmışdır. Bundan sonra defisit azalmağa başlayıb. 


Xarici ticarət balansı müəyyən dövr ərzində idxal ilə ixrac arasında fərqi göstərir. İdxal ixracı üstələyərsə, bu zaman mənfi saldodan (defisit), əksinə olduqda isə müsbət saldodan (profisitdən) danışılır. 


Məlumatların açıqlanmasından sonra dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri bahalaşmağa başlayıb. Son günlər dollar indeksində aprel ayından başlayan bahalaşma fonunda dinamik zəifliyi müşahidə edilirdi. Bu isə yeni hökümətin həyata keçirməyə başladığı xarici ticarət siyasəti fonunda iyun ayında fundamental göstəricilərin zəif açıqlanması ilə əlaqəlidir. 


İdxal sahəsində müşahidə edilən durğunluq, bu sahədə çalışanların gəlirlərinə və beləliklə, istehlak dövriyyəsinə qismən mənfi təsir edə bilər. Lakin digər tərəfdən yerli sənayenin inkişafı bu sahədə yarana biləcək böhranı əvəz edəcəyi planlaşdırılır. Bu baxımından gələcək aylar ərzində sənaye sektoru ilə bağlı göstəricilər diqqət mərkəzində saxlanılmalıdır. Burada artıma işarə edən göstəricilər dolların bahalaşmasına və ya əksinin baş verdiyi halda ucuzlaşmasına səbəb ola bilər. 


Qeyd etmək lazımdır ki, Amerika höküməti daxili bazarı qorumaq məqsədilə idxal rüsumlarını artırmağa başlayıb. Bu Amerikada inflyasiyanın artmasına, işsizliyin və sənayenin artmasına səbəb ola bilər. Bu isə öz nösbəsində Amerika Mərkəzi Bankına faiz artımı siyasətində geniş imkanlar yaradır.