ABŞ iqtisadiyyatına dair qarışıq göstəricilər

15 Noyabr 2018

ABŞ-da inflyasiyanın baza indeksinin və sənaye sektorunda aktivliyin zəifləməsi ilə yanaşı pərakəndə satış dövriyyəsində və əmək bazarında aktivlik artıb.

ABŞ iqtisadiyyatına dair qarışıq göstəricilər

Amerikanın statistika idarəsinin çərşənbə günü verdiyi rəsmi məlumatlara görə, istehlak qiymətləri indeksi oktyabr ayında illik müqayisədə 2.5% artıb. Bu Amerika Mərkəzi Bankının (FED) 2%-lik hədəfinin üzərində açıqlanan göstəricidir. Analitiklər də illik inflyasiyanın 2.5%-ə kimi yüksələcəyini proqnozlaşdırırdılar. İstehlak qiymətləri aylıq müqayisədə isə mütəxəssislərin 0.2%-lik ehtimalları qarşılığında 0.2% artıb. 


Lakin enerji və ərzaq məhsulları istisna olmaqla hesablanan, istehlak qiymətlərinin baza indeksində illik artım dinamikası 2.1%-ə düşüb. Burada göstərici analitiklərin 2.2%-lik proqnozlarını doğrultmayıb. Aylıq müqayisədə isə baza indeksində artım (0.2%) gözləntilərə (0.2%) uyğun olub.


Bununla yanaşı, cümə axşamı dərc edilən məlumatlara əsasən, oktybar ayında pərakəndə satış dövriyyəsi aylıq müqayisədə 0.8% artıb. Mütəxəssislər 0.6%-lik artım proqnozlaşdırırdılar. İxrac və idxal qiymətlərində artım müvafiq olaraq, 0.4 və 0.5%-ə çatıb. 


FED-in Filadelfiya üzrə ofisinin açıqladığı rəsmi məlumatlara görə, Filadelfiyada fəaliyyət göstərən 250 fabrik arasında aparılan sorğunun nəticələri üzrə orta indeks noyabr ayında 22.2 punktdan 12.9 punkta düşüb. Analitiklər burada yalnız 20.7 punkta kimi azalma gözləyirdilər. 


Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti cari həftə ərzində son bir ilin maksimum səviyyəsini yenilədikdən sonra yenidən ucuzlaşaraq, həftə ərzində yeni minimumlar yaratsa da həftənin açılış qiymətinin üzərində dalğalanmaqdadır. Hal-hazırda dünya birjalarında ABŞ iqtisadiyyatının gələn il üzrə inkişaf dinamikası fonunda qeyri-müəyyənlik mövcuddur. 


ABŞ-da parlament seçkisinin nəticəsi iqtisadi impulsların azala biləcəyinə və beləliklə inkişaf dinamikasının azala biləcəyinə işarədir. Beləliklə, FED-in dekabr ayı üzrə toplantısı investorların diqqət mərkəzindədir. 


Qeyd etmək lazımdır ki, Amerikanın əmək bazarı ilə bağlı sonuncu dəfə yayımlanan fundamental göstəricilər, dolların qiymətində qısa müddətli artımlara səbəb olmuşdur.