ABŞ iqtisadiyyatında 3.4%-lik inkişaf

21 Dekabr 2018

ABŞ iqtisadiyyatı ilə bağlı göstəricilər gözləntiləri məyus etməsi, FED-in gələn il üzrə faiz artımı ehtimallarını zəiflədir və dollar daha da ucuzlaşa bilər.

ABŞ iqtisadiyyatında 3.4%-lik inkişaf

Amerikanın milli statistika mərkəzinin cümə günü verdiyi məlumatlara əsasən, ölkədə iyul-sentyabr ayları ərzində istehsal edilən mal və xidmətlərin dəyəri 2018-ci ilin 2-ci rübü ilə müqayisədə 3.4% artıb. Bu göstərici 2018-ci ilin 1-ci rübündə 2.2%, 2-ci rübündə isə 4.2% idi. Analitiklər isə rüblük artım dinamikasının üçüncü rübdə 3.6% olacağını gözləyirdilər. Bu gün açıqlanan göstərici yekun hesablanma idi. 


Beləliklə, 2018-ci ilin üçüncü rübündə müşahidə edilən iqtisadi inkişaf səviyyəsi, son üç il ərzində üçüncü rüblər ərzində əldə edilən inkişaf səviyyələrinin ən yüksək səviyyəsi hesab edilir. Belə ki, 2015, 2016 və 2017-ci illərin üçüncü rübləri ərzində ABŞ iqtisadiyyatında mübafiq olaraq 2.0, 3.5 və 3.2%-lik artım olub. Lakin göstəricinin ikinci və yekun hesablanma zamanı proqnozlardan zəif açıqlanması, ABŞ iqtisadiyyatının gələcəyinə dair risklərə işarə edir. İkinci hesablanmada mütəxəssislər 3.6%-lik inkişaf proqnozlaşdırırdılarsa, 3.5%, bugünkü göstərici üzrə ehtimallar isə 3.5% idisə, 3.4% açıqlanıb. 


Maliyyə bazarlarında artıq ABŞ-ın fond indeksləri, xüsusilə də dolların aparıcı valyutalara nisbətən qiymətləri ucuzlaşmaqdadır. Amerika iqtisadiyyatında inkişaf templərinin gələcəkdə zəifləməsi, Amerika Mərkəzi Bankının (FED) faiz artımı siyasətini məhdudlaşdıra bilər. FED sonuncu dəfə inflyasiya və iqtisadi inkişaf gözləntilərini azaldıb. Bütün bunlar foreks bazarlarında dollara qarşı təzyqiləri artırıb. 


Qeyd etmək lazımdır ki, 2017-ci il üzrə rüblük inkişaf birinci rübdə 1.2%, ikinci rübdə 3.1%, üçüncü rübdə 3.2% və 4-cü rübdə 2.3% olmuşdur.