ABŞ iqtisadiyyatında rüblük inkişaf 2.3%-də möhkəmlənib

27 Aprel 2018

ABŞ-ın iqtisadi inkişaf dinamikası ilə bağlı göstəricilər, dünya birjalarında dolların keçən ilin dördüncü rübü səviyyəsində ticarət olunmasına səbəb olub.

ABŞ iqtisadiyyatında rüblük inkişaf 2.3%-də möhkəmlənib

Amerikanın milli statistika mərkəzinin cümə günü verdiyi məlumatlara əsasən, ölkədə yanvar-mart ayları ərzində istehsal edilən mal və xidmətlərin dəyəri 2017-ci ilin 4-cü rübü ilə müqayisədə 2.3% artıb. Bu göstərici keçən ilin 4-cü rübündə də 2.3% idi və analitiklər rüblük artım dinamikasının birinci hesablanmada 2.0%-ə azalacağını gözləyirdilər. Yekun hesablanmanın iyun ayında yayımlanması gözlənilir. 


Dünya birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti son günlər sürətlə bahalaşır və son 3 ayın maksimum səviyyələrində ticarət edilməkdədir. 


Qeyd etmək lazımdır ki, 2017-ci il üzrə rüblük inkişaf birinci rübdə 1.2%, ikinci rübdə 3.1%, üçüncü rübdə 3.2% və 4-cü rübdə 2.3% olub. Beləliklə, bu gün dərc edilən fundamental göstəricilər, keçən ilin üçüncü rübündən etibarən zəifləyən artım dinamikasının gələcək rüblər ərzində artım dinamikası ilə əvəzlənə biləcəyinə işarədir.