ABŞ iqtisadiyyatında rüblük inkişaf 4.1%-ə yüksəldi

27 İyul 2018

ABŞ-ın iqtisadi inkişafı ilə bağlı göstəricilər, dünya birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşmasına səbəb ola bilər.

ABŞ iqtisadiyyatında rüblük inkişaf 4.1%-ə yüksəldi

Amerikanın milli statistika mərkəzinin cümə günü verdiyi məlumatlara əsasən, ölkədə aprel-iyun ayları ərzində istehsal edilən mal və xidmətlərin dəyəri 2018-ci ilin 1-ci rübü ilə müqayisədə 4.1% artıb. Bu göstərici 2018-ci ilin 1-ci rübündə 2.2% idi və analitiklər də rüblük artım dinamikasının ikinci rübdə 4.1% olacağını gözləyirdilər. Bu gün açıqlanan göstərici ilkin hesablanma idi və yekun hesablanmanın sentyabr ayında yayımlanması gözlənilir. 


Dünya birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiymətinin artım trendi may ayında rüblük inkişaf səviyyəsinin 2.3%-dən 2.2%-ə kimi azalmasından sonra zəifləməyə başlamışdır. Bu gün yayımlanan göstəricilər isə burada rüblük inkişaf tempinin yenidən sürətləndiyini göstərir və bu, dolların foreks bazarlarında artım trendinə yenidən davam etməsinə təsir edə bilər.


Qeyd etmək lazımdır ki, 2017-ci il üzrə rüblük inkişaf birinci rübdə 1.2%, ikinci rübdə 3.1%, üçüncü rübdə 3.2% və 4-cü rübdə 2.3% olub.