ABŞ iqtisadiyyatında sürpriz inkişaf

26 Oktyabr 2018

ABŞ-ın 3-ci rüb üzrə iqtisadi inkişafı ilə bağlı göstəricilərin gözləntiləri üstələyib və dolların aparıcı valyutalara nisbətən qiymətlərini bahalaşdırıb.

ABŞ iqtisadiyyatında sürpriz inkişaf

Amerikanın milli statistika mərkəzinin cümə günü verdiyi məlumatlara əsasən, ölkədə iyul-sentyabr ayları ərzində istehsal edilən mal və xidmətlərin dəyəri 2018-ci ilin 2-ci rübü ilə müqayisədə 3.5% artıb. Bu göstərici 2018-ci ilin 1-ci rübündə 2.2%, 2-ci rübündə isə 4.2% idi. Analitiklər isə rüblük artım dinamikasının üçüncü rübdə 3.3% olacağını gözləyirdilər. Bu gün açıqlanan göstərici ilkin hesablanma idi və yekun hesablanmanın dekabr ayında yayımlanması gözlənilir. 


Beləliklə, 2018-ci ilin üçüncü rübündə müşahidə edilən iqtisadi inkişaf səviyyəsi, son üç il ərzində üçüncü rüblər ərzində əldə edilən inkişaf səviyyələrinin ən yüksək səviyyəsi hesab edilir. Belə ki, 2015, 2016 və 2017-ci illərin üçüncü rübləri ərzində ABŞ iqtisadiyyatında mübafiq olaraq 2.0, 3.5 və 3.2%-lik artım olub. 


Bu gün yayımlanan göstəricilərin maliyyə bazarlarında müsbət qiymətləndirilməsi ehtimalları yüksəkdir və dolların foreks bazarlarında artım trendinin daha da güclənməsinə səbəb ola bilər.  Məlumatların açıqlanmasından sonra dollar indeksi son iki həftə ərzində müşahidə edilən bahalaşmasını daha da gücləndirərək, 96.81 punkt səviyyəsini yuxarı istiqamətdə qırıb və son bir ilin maksimum səviyyəsini yeniləyib. 


Amerika iqtisadiyyatında inkişaf templərinin sürətlənməsi Amerika Mərkəzi Bankına (FED) faiz artımı siyasətində imkanlar yaradır. Maliyyə bazarlarında isə cai il ərzində növbəti faiz artımı dekabr ayında proqnozlaşdırılır. 


Qeyd etmək lazımdır ki, 2017-ci il üzrə rüblük inkişaf birinci rübdə 1.2%, ikinci rübdə 3.1%, üçüncü rübdə 3.2% və 4-cü rübdə 2.3% olmuşdur.