ABŞ: İşsizlərin sayı artır, əmək haqları azalır

09 Mart 2018

Əmək bazarı ilə bağlı statistik göstəricilərin qarışıq açıqlanması, maliyyə bazarlarında son aylar müşahidə edilən qeyri-müəyyənliyi daha da artıra bilər.

ABŞ: İşsizlərin sayı artır, əmək haqları azalır

Amerikanın statistika idarəsinin cümə günü verdiyi rəsmi məlumatlara görə, ölkədə fevral ayı ərzində qeyri-kənd təsərrüfatında məşğulların sayı (ing.: "NFP") 313 000 nəfər artıb və işsizlik 4.1% səviyyəsində qərarlaşıb. Lakin əmək haqlarında artım dinamikası fevral ayında 0.3%-dən 0.1%-ə düşüb. Analitiklər əmək haqlarında 0.2%-lik artım və işsizliyin 4.0%-ə kimi azalmasını proqnozlaşdırırdılar. "NFP"-nin isə 200 min nəfər artacağı gözlənilirdi. 


Amerikada qeyri-kənd təsərrüfatı sahələrində işləyənlərin sayı ümumi istehsalatda işləyənlərin 80%-i təşkil etdiyi üçün "NFP" göstəricisi Amerikanın əmək bazarındakı gələcək vəziyyəti ölçmək üçün önəmli göstəricidir. 


İşsizlik səviyyəsinin artıq beşinci aydır ard-arda 4.1% açıqlanması, burada dayanıqlı inkişafa işarə olsa da, əmək haqlarında artım göstəricisinin zəifləməsi, inflyasiyanın gələcək aylarda azalmasına səbəb ola bilər. Sonuncu məlumatlara əsasən, ABŞ-da inflyasiya 2.1%-dir və fevral ayı üzrə göstəricilərin isə mart ayının 13-ündə yayımlanması gözlənilir. 


Məlumatların açıqlanmasından sonra cümə axşamı bahalaşmağa başlayan, dolların aparıcı valyutalara nisbətən orta qiyməti əlavə olaraq 0.2% də dəyər qazanıb.