ABŞ neft istehsalını artırır, Neft ucuzlaşır

16 Noyabr 2018

Dünya bazarlarında neft təklifinin yenidən tələbi üstələməsi, Avropanın Brent markalı neft qiymətinin 25%-ə kimi ucuzlaşmasına səbəb olub.

ABŞ neft istehsalını artırır, Neft ucuzlaşır

ABŞ, Rusiya və Səudiyyə Ərəbistanının neft hasilatı rekord səviyyələrə kimi artırmaqda davam edir. Bu, artıq dünya bazarında təklifin tələbi üstələməsinə səbəb olur. Beynəlxalq Enerji Agentliyinin (ing.: "IEA") sonuncu dəfə yayımlanan aylıq hesabatında göstərilir ki, neft ölkələri oktyabr ayında gündəlik olaraq 100.7 milyon barel neft hasil edib. Bu isə illik müqayisədə 2.6 milyon barel çoxdur. 


May ayından etibarən neft hasilatı 1.8 milyon barel artıb. ABŞ istehsalını təqribən 1 milyon, Rusiya 620 000 və Səudiyyə Ərəbistanı 445 000 barel artırıb. "IEA"-nın hesabatına əsasən, bu artımlar ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalarla dünya bazarındakı azalan neft təklifini konpensasiya etməklə yanaşı üstələyib. 


Oktyabr ayında Səudiyyə Ərəbistanının gündəlik neft hasilatı 1.65 milyon barelə çatıb. Rusiyada isə artım gündəlik neft istehsalının 11.4 milyon barelə çatmasına səbəb olub. ABŞ-da da güclü artım müşahidə edilib və gündəlik neft hasilatını 11.6 milyon barelə çatdırmaqla, Rusiyanı keçib və dünya liderliyini qazanıb. 


Noyabr ayının 14-də açıqlanan məlumatlardan sonra dünya birjalarında son bir aydır ucuzlaşan neft qiymətlərində eniş dalğası daha da sürətlənib. Avropanın Brent markalı neftinin bir barel qiyməti oktyabr ayının əvvəlində 87$-a təklif edilirdisə, bu gün 68$-a ticarət edilir. Bu müddət ərzində 65$-a kimi 25% dəyər itirən Brent neftinin qiyməti son iki gündür OPEC ölkələri tərəfindən verilən açıqlamalar fonunda 68$-a kimi bahalaşıb. Belə ki, Rusiya və "OPEC" ölkələri neft hasilatının yenidən azaldılmasını müzakirə etməyə başlayıblar. 


Sonuncu dəfə ABŞ prezidenti Donald Tramp da neft qiymətlərini özünün ucuzlaşdırdığını vurğulamışdı.