ABŞ prezidentinə qarşı siyasi dava bazarları zəiflədir

17 Dekabr 2019

Donald Trampa qarşı impiçment davasının dərinləşməsi, dünya birjalarında ticarət aktivliyinin son günlər azalmasına səbəb olur.

ABŞ prezidentinə qarşı siyasi dava bazarları zəiflədir

Amerika parlamentinin aşağı palatasında prezident Donald Trampa qarşı impiçment davası dərinləşməkdədir. Bu, dünya birjalarında ticarət aktivliyinin son günlər azalmasına səbəb olub. 

ABŞ və Çin arasında keçən həftə sonu ticarət sazişinin birinci mərhələsi üçün razılığın əldə edilməsi, müsbət siqnallara səbəb ola bilərdisə, ABŞ-da Respublikaçılarla Demokratlar arasında mübarizənin daha da kəskinləşməsi digər tərəfdən investorların risk iştahısını da azaldır. 

Parlamentin Nümayəndələr Palatasında cari həftənin ortalarında impiçment səs verməsinin keçirilməsinə kimi Demokratlar artıq  növbəti addım üçün Senatdaki Respublikaçılara təklif də hazırlayıblar. Demokratların üstünlük təşkil etdiyi Nümayəndələr Palatasında impiçment qərarı verildikdən sonra Senat da qərarı təsdiqləməli olacaqdır. Lakin Senatda qərarın qəbul edilməsinin ehtimalı azdır, çünki burada da hakim partiya üstünlük təşkil edir. 

Təklifə əsasən, Ağ Evin dörd yüksək ranqlı dövlət nümayəndəsi də yanvarın ikinci həftəsində Senatda sorğuya çəkilməlidirlər. 

Qeyd etmək lazımdır ki, prezident Donald Tramp səlahiyyətlərindən sui istifadə etməkdə və konqresin işinə maneə törədməkdə ittiham edilir.