ABŞ qonşu dövlətləri yeni ticarət sazişinə cəlb edir

30 Avqust 2018

Dolların gələcək qiymətinə təsir edə biləcək fundamental hadisələr, Almaniyadan statistik məlumatlar diqqət mərkəzində. Brent nefti isə bahalaşır.

ABŞ qonşu dövlətləri yeni ticarət sazişinə cəlb edir

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri yenidən avqust ayının minimum səviyyələri ətrafında ticarət edilir. Amerikanın mənzil bazarı ilə bağlı statistik göstəricilərin mənfi açıqlanması dolların yenidən ucuzlaşmasına təsir edib. Lakin bununla yanaşı, son günlər Amerikanın Meksika və Kanada ilə yeni ticarət sazişinin razılaşdırılması diqqət mərkəzindədir. Bu həftə artıq ilkin açıqlamaların verilməsi gözlənilir.


Avro 1.17$-ın altında ticarət edilir. 

Beləliklə, EUR/USD məzənnəsi 1.17$-ın altında ticarət edilməkdədir və bu səviyyənin altında qaldıqca, 1.16$-a kimi də ucuzlaşa bilər. Eyni zamanda, bu gün Bakı vaxtı ilə saat 12:00 və 16:00-da müvafiq olaraq açıqlanacaq Almaniyanın əmək bazarı və inflyasiyası ilə bağlı önəmli fundamental məlumatların da məzənnəyə təsir edə biləcəyi gözlənilir.


Brent nefti 77$-a kimi bahalaşdı. 

Enerji bazarlarında isə Avropanın Brent neftinin qiyməti 77$-a kimi dəyər qazanıb və sözügedən səviyyənin üzərində möhkəmlənərsə, 80$-a kimi də dəyər qazana bilər. Amerikanın neft ehtiyatlarında son bir neçə həftədir gözlənilməz səviyyədə azalmalar neftə olan tələbin yüksək olduğunu göstərir.