ABŞ Senatı yeni vergi qanununu təsdiqlədi

20 Dekabr 2017

ABŞ-da 100 senator arasından 51 nəfəri səs çoxluğu ilə Respublikaçı Donald Trampın yeni vergi islahatı qanununu dəstəkləyib.

ABŞ Senatı yeni vergi qanununu təsdiqlədi

ABŞ-da yeni vergi qanunu Senatdan da keçdi. 100 senator arasından 51 nəfəri səs çoxluğu ilə Respublikaçı Donald Trampın yeni vergi islahatı qanununu dəstəkləyib. Demokratlardan olan 48 nəfər isə lahiyənin əleyhinə səs verib. Növbəti mərhələdə isə ABŞ prezidentinin yeni qanunu imzalaya bilməsi üçün Nümayəndələr Palatası da yenidən səs vermə keçirərək dəstəkləməlidir. 

Qeyd etmək lazımdır ki, yeni qanun paketi çərşənbə axşamı konqresin birinci palatasından keçsə də, prosedur qaydalarına zidd bir neçə pasajların aşkar edilməsi, yeni səs vermənin keçirilməsini labüd edib. Artıq sözügedən pasajlar çıxarılıb və bu gün yeni səs verməyə çıxarılması gözlənilir. 

Məlumatların açıqlanması fonunda dolların aparıcı valyutalara nisbətən orta qiyməti son günlər 0.7% ucuzlaşmasından sonra bahalaşmağa başlayıb. 

500 səhifəlik qanunun əsas predmeti korporativ vergi dərəcəsinin 35%-dən 21%-ə kimi azaldılmasıdır. Bununla yanaşı, digər vergi ödəyiciləri üçün də vergi güzəştləri nəzərdə tutulub. Məsələn, qanun layihəsinin ən son versiyasında ən yüksək gəlirli insanların fərdi vergi dərəcəsi 39.6%-dən 37.0%-ə düşəcək.