ABŞ sənayesində aktivlik və EUR/USD məzənnəsi

21 Sentyabr 2018

ABŞ-ın sənaye sektorunda bundan öncəki göstəricilərin mənfi açıqlanmasından sonra yenidən inkişafın müşahidə edilməsi investorların diqqət mərkəzində.

ABŞ sənayesində aktivlik və EUR/USD məzənnəsi

Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi 1.18$-a kimi bahalaşsa da, Amerikadan açıqlanan sənaye sektoru ilə bağlı müsbət fundamental məlumatlardan sonra dinamikası zəifləyib və yenidən 1.17$-a kimi ucuzlaşa biləcəyi proqnozları güclənib. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:00-da Avrozonadan xidmət və sənaye sektoru ilə bağlı önəmli fundamental göstəricilər yayımlanacaqdır.


Amerika Mərkəzi Bankının (FED) Filadelfiya filialının sənaye indeksi avqust ayında 2016-ci ilin dekabr ayından bugünə kimi ən aşağı səviyyəyə (11.9) düşmüşdür. Lakin cümə axşamı dərc edilən sentyabr ayı üzrə göstəricilər 22.9 punkt ilə 17.0 punkta kimi arta biləcəyi gözləntiləri üstələyib. Amerika sənayesində aktivliyin artması, Amerika Mərkəzi Bankının faiz artımı üzrə gözləntilərinin də artmasına və beləliklə, dolların foreks bazarlarında da bahalaşmasına səbəb olur. 


USD/TRY: 6.52TL-yə kimi bahalaşa bilər. 

Türkiyə maliyyə bazarlarında da USD/TRY məzənnəsi 6.00TL üzərində qaldıqca, yenidən 6.52TL-yə kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.


Neft qiymətləri 80$-ı keçə bilmir. 

Enerji bazarlarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti 80$-ın üzərində qala bilməyib, yenidən ucuzlaşmağa başlayıb. Neft İxrac Edən Ölkələr Birliyinin (ing.: “OPEC”) hasilat səviyyəsinin daha da artıra biləcəkləri gözləntilər,i neft qiymətlərinin ucuzlaşmasını proqnozlaşdırmağa əsas verir və 77$-a kimi dəyər itirə bilər.