Almaniya "ECB"-nin "Edis" proqramına qarşı: Hələ tezdir

24 Aprel 2018

Almaniya Mərkəzi Bankı Avropa Mərkəzi Bankının əmanətlərin siğortalanması proqramı üçün əlavə şərtlərin olması vacibliyini bildirir.

Almaniya "ECB"-nin "Edis" proqramına qarşı: Hələ tezdir

Almaniya Mərkəzi Bankı (alm.: "Bundesbank") Avropa Mərkəzi Bankının (ing.: "ECB") Avropa Birliyində əmanətlərin siğortalanması ilə bağlı yeni addımlarına qarşı çıxıb. Bu haqda "Bundesbank"-ın idarə heyətinin üzvü Andreas Dombret danışıb və layihənin gücləndirilməsi üçün vaxtın tez olduğunu bildirib. "Bank sektorunda risklərin azaldılması istiqamətində tədbirlər hələ tam nəticəsini verməyib və bizim fikrimizcə vacib olan digər şərtlər də həll olunmayıb", deyə idarə heyətində bankların nəzarətinə cavabdeh olan Dombret əlavə edib. 


"ECB" sədri Mario Draqi də yaxın keçmişdə daxili mövqelərini bildirərək, bank balanslarında risklərin azaldılması istiqamətində kifayət qədər inkişafın olduğunu açıqlamışdı. Məhz bu səbəbdən "ECB" Avropa Birliyində ümumi əmanətlərin siğortalanması proqramı (Edis) ilə bağlı işlərin başladılmasının tərəfdarıdır. Almaniyada böhranlı ölkələrin bank risklərinin siğortalanması fonunda narahatlıq mövcuddur. Ən çox tənqid İtaliya banklarında problemli kreditlərin çox olması ilə əlaqədardır. 


Dombret problemli kreditlərin (ing.: "Non-Performing Loans", "NPL") azalmasını bildirsə də, Avropa ölkələri arasında fərqlərin də böyük olduğunu əlavə edib: "Bəzi hökümətlər tərəfindən ərsəyə gətirilən risklər ümumiləşdirilməməlidir. Bu məsələyə yalnış yanaşmadır. Belə ki, düzgün davranan nəticədə səhv etmiş sayılacaq. Biz "Edis" üçün iflas proseslərinin uyğunlaşdırılması və dövlət istiqrazları risklərinin ölçülməsi kimi mərkəzi şərtlərin vacibliyini görürük".