Almaniya: Risklər artsa da dramatikləşdirmək olmaz

17 May 2019

Beynəlxalq maliyyə bazarlarında Avropanın bir nömrəli iqtisadiyyatı fonunda şərhlər böyük marağa səbəb olub.

Almaniya: Risklər artsa da dramatikləşdirmək olmaz

Almaniyada iqtisadi inkişafın zəifləməsinə baxmayaraq, iqtisadçı Qabriel Felbermayr ölkədə böhran risklərinin az olduğunu deyir. "İqtisadiyyatda uzun müddətli mənfi hadisələrə səbəb ola biləcək böhran riski görmürəm", deyə dünya iqtisadiyyatı institutunun (alm.: "ifW") sədri vurğulayıb. 


Bununla yanaşı, tikinti sektorunda müşahidə edilən bum və xidmət sektorunda aktivlik sayəsində texniki böhran, yəni inkişafın iki rübdən çox azalması tendensiyası üçün də risklər yoxdur: "Cari vəziyyəti aşırı dramatikləşdirməyə ehtiyac yoxdur". 


Lakin institut sədri qeyri-müəyyənliyə səbəb olan amillərin daha çox artdığını əlavə edib. "Breksit uğursuz olarsa, Amerika ilə ticarət gərginliyi artarsa, yayda quru hava yenidən müşahidə edilərsə, onda texniki böhrandan da böyük risklərlə qarşı-qarşıya qala bilərik". 


ABŞ ilə Çin arasında ticarət müqaviləsi imzalanarsa və dünya iqtisadiyyatında qeyri-müəyyənliklər azalarsa, bundan Almaniya da faydalanacaqdır.