Almaniyada xarici ticarət profisiti yenidən azalır

08 Noyabr 2018

Almaniyanın ixrac həcminin daha sürətlə azalması, ümumilikdə xarici ticarətdə müsbət balansının 17.6 milyard avroya kimi azalmasına təsir edib.

Almaniyada xarici ticarət profisiti yenidən azalır

Almaniyanın federal statistika idarəsinin cümə axşamı verdiyi məlumata görə, Almaniyada müsbət ticarət balansı sentyabr ayında 18.2 milyard avrodan 17.6 milyard avroya düşüb. Göstərici iyul ayında 15.9 milyard avro ilə son dörd ilin minimum səviyyəsinə düşsə də avqust ayında 18.2 milyard avroya kimi yüksəlmişdi. Mart ayında profisit 21.6 milyard avro ilə 2018-ci ilin pik səviyyəsi hesab edilir. Lakin qlobal olaraq 2016-ci ilin aprel ayından bugünə kimi azalma tendensiyası müşahidə edilməkdədir. 


Ticarət dövriyyəsinin azalmasına səbəb Almaniyanın xarici ticarət dövriyyəsində ixrac həcmində azalmanın (0.8%) çox olmasıdır. İdxal həcmi isə 0.4% azalıb. Lakin sənaye istehsalı və fabrik sifarişləri sentyabr ayında müvafiq olaraq 0.2% və 0.3% artmışdır. Beləliklə, daxili bazarda tələbin qismən qorunmasına baxmayaraq, xarici bazarda tələb azalır. Ümumiyyətlə isə dünyada ABŞ tərəfindən əsası qoyulan xarici ticarət şərtlərinin sərtləşdirilməsi siyasəti dünya və Almaniya, ABŞ kimi ölkələrin iqtisadiyyatlarına zərər verməkdədir. 


Bununla yanaşı, Almaniyanın Avropa İqtisadiyyatının Araşdırılması Mərkəzinin (alm.: "ZEW") sentyabr ayı üzrə məlumatlarında gələcək iqtisadi gözləntilərə dair göstəricisi müsbət yayımlansa da, maliyyə bazarlarında böyük maraqla izlənilən göstərici, oktyabr ayında yenidən son 6 ayın minimum səviyyəsinə düşmüşdür. Almaniyanın ticarətinə dair göstəricilər gələckdə daha da pisləşə bilər. 


Qeyd etmək lazımdır ki, Almaniya iqtisadiyyatındakı tendensiya ilə Amerika iqtisadiyyatı müqayisə olunduğu zamanı, EUR/USD məzənnəsinin daha da ucuzlaşa biləcəyi proqnozları güclənir. Bu gün Almaniyanın ticarətində müsbət saldosunun azalması xəbərləri Avropada inflyasiyanın mənfi təsir altında olacağına işarədir. İqtisadi araşdırmalar institutu "Ifo" (Almaniya, Münxen) iyun ayı hesabatında da 2018-ci il üzrə iqtisadi inkişaf proqnozlarını 2.6%-dən 1.8%-ə salıb. 


EUR/USD məzənnəsi cari həftənin ilk yarsında bahalaşırdısa, dünəndən etibarən yenidən ucuzlaşaraq, 1.15$-ın altında ticarət edilməkdədir. Bu gün də gün daxili volatilliyin beynəlxalıq valyuta birjalarında arta biləcəyi gözlənilir. Belə ki, Bakı vaxtı ilə saat 23:00-da Amerika Mərkəzi Bankının faiz ilə bağlı açıqlamaları gözlənilir.