AMB faizini azaltdı və QE proqramını yenidən başlatdı

12 Sentyabr 2019

Beynəlxalq maliyyə bazarlarında Avropa Mərkəzi Bankının qərarı avronun 1% ucuzlaşmasına səbəb olub.

AMB faizini azaltdı və QE proqramını yenidən başlatdı

Avropa Mərkəzi Banki (AMB) əmanətlər üzrə məhdudlaşdırılmış imkanını mənfi 0.5%-ə saldı. Uçot faizini 0.00% səviyyəsində saxlayan bank, marjinal kreditləşmə imkanı faizini də 0.25%-də saxlayıb. 

Bununla yanaşı, bank yeni istiqraz alışı proqramı (ing.: "QE") ilə də iqtisadiyyata dəstək verməyi planlaşdırır. Yeni qərara əsasən, bank noyabrın 1-dən etibarən aylıq 20 milyard avro istiqraz alacaqdır. 

AMB-nin açıqlamasından sonra EUR/USD məzənnəsi 1.1068$-dan 1.0955$-a kimi 1% ucuzlaşıb. 

Faiz qərarından sonra baş tutan mətbuat konfransında inkişaf  və inflyasiya proqnozlarının azalması və risklərin aşağı yönlü olduğu vurğulanıb. Dünya iqtisadiyyatında zəifləmənin sənayeyə də mənfi təsir etməsi bir daha dilə gətirilib. Sazişsiz Breksit ssenarisi isə cari qərarlarda nəzərə alınmayıb. 

Mətbuat konfransı ərəfəsində isə EUR/USD məzənnəsi əlavə olaraq 0.3% ucuzlaşaraq, son iki ilin minimum səviyyələrini qırıb. 

Qeyd etmək lazımdır ki, bankın öncəki toplantısında dünya iqtisadi inkişafın azalması və ticarətin zəifləməsi səbəbilə "təsirli monter dəstəyə" ehtiyacın olması haqqında danışması, maliyyə bazarlarında bankın bu gün faiz və "QE" proqramı ilə bağlı qərar verəcəyini ehtimal etməyə əsas verirdi.