AMB iqtisadi inkişaf və inflyasiya proqnozunu azaltdı

25 Yanvar 2019

Avropa Mərkəzi Bankının pul-kredit siyasətini müəyyən edən komitənin üzvləri iqtisadi inkişaf proqnozlarını yenidən aşağı salıblar.

AMB iqtisadi inkişaf və inflyasiya proqnozunu azaltdı

Avropa Mərkəzi Bankının (AMB) cümə günü açıqladığı məlumatlara əsasən, iqtisadçılar 2019-ci ildə 1.5%-lik iqtisadi inkişaf ehtimal edirlər. Oktyabr ayında bu göstərici 1.8% idi. 2020-ci il üzrə proqnozlar isə 1.6%-dən 1.5%-ə salınıb, 2021-ci ildə 1.4%-lik artım gözlənilir. Təhlilçilər oktyabr ayında da proqnozlarını aşağı salmışdılar.


Mütəxəssislərin gözləntiləri AMB-nin idarə heyəti üzvləri tərəfindən dəqiqliklə izlənilir və qərarlar zamanı nəzərə alınır. Cümə günü baş tutan mətbuat konfransında çıxış edən bank sədri Mario Draqi də iqtisadi vəziyyətin gözləniləndən zəif olduğunu və ilk faiz artımının bu il yox, 2020-ci ildə həyata keçirilə biləcəyini bildirmişdi. Bankın idarə heyəti üzvləri də bundan sonra öz gözləntilərini azaldıblar.


AMB inflyasiya gözləntilərini də aşağı salıb. Belə ki, cari il üzrə 1.5% (əvvəl 1.7% idi) və 2020-ci ildə isə 1.6%-lik (əvvəl 1.7% idi) illik inflyasiya proqnozlaşdırılır. Bank iqtisadiyyatın dayanıqlı inkişafı üçün 2.0%-lik inflyasiya hədəfləyir. Dekabr ayında bu göstərici hədəfin çox altında - 1.6% açıqlanmışdı.