AMB: İqtisadiyyatı zəiflədə biləcək risklər artır

11 Yanvar 2019

AMB dekabr ayı üzrə toplantı protokolunda Breksitə dair və inkişaf etməkdə olan ölkələrin maliyyə bazarlarında risklərin artdığını göstərib.

AMB: İqtisadiyyatı zəiflədə biləcək risklər artır

Avropa Mərkəzi Bankının (AMB) dekabr ayında baş tutan faiz qərarı toplantısında risklər haqqında intensiv müzakirə edilib. Bununla bağlı cümə axşamı toplantı protokolunda məlumat verilir. 


Protokolda iqtisadi vəziyyətin həssas olduğu və risklər aktuallıq qazanarsa və ya yeni təhdidlər yaranarsa, vəziyyətin hər an dəyişə biləcəyi vurğulanıb. Bununla yanaşı, AMB risklərlə bağlı ifadələrində də dəyişiklik edib. 


Bank imkan və risklərin Avrozonada iqtisadi inkişaf üçün balanslaşdırılmış hesab etsə də gələcəkdə risklərin arta biləcəyi göstərilib. Risklər arasında İngiltərənin Avropa Birliyindən çıxması (Breksit) və Türkiyə və Argentina kimi inkişaf etməkdə olan ölkələrin maliyyə bazarlarındaki mövcud vəziyyət əsas narahat edici amildir. Bankın bəzi üzvləri iqtisadiyyata dair risklərin daha çox olduğunu bildirirlər. 


İqtisadiyyatın yenidən qiymətləndirilməsi AMB-nin növbəti qərarı üçün çox önəmlidir. Bugünə kimi bank faiz dərəcələrini yay aylarına kimi cari sıfır səviyyələrində saxlamaq niyyətindədir. Hal-hazırda bankın uçot faiz dərəcəsi sıfırdır. 


Avrozona iqtisadiyyatı 2018-ci ilin üçüncü rübündə son dörd il ərzində ən aşağı səviyyədə böyüyüb. Bu səbəbdən bankın monetar siyasətini müəyyən edən komitə üzvləri iqtisadi inkişaf proqnozlarını aşağı çəkiblər və bankın dəstəyinə ehtiyacın olduğunu bildiriblər. 



AMB-nin idarə heyəti yuxarıdakılara baxmayaraq, trilyonluq istiqraz alışı proqramını 2018-ci ilin dekabr ayında dayandırmağı qərara alıblar. 2.6 trilyon avroya çatan alışlar, mərkəzi bankın zəif iqtisadiyyatla mübarizədə əsas aləti olub və inflyasiyada zəif də olsa artıma səbəb olub. Yanvar ayında isə yalnız vaxtı bitmiş istiqrazlar əvəz edilib. İdarə heyətinin bütün üzvləri qərarla razılaşıblar.