AMB: QE proqramı ilin sonunda dayandırılır

14 İyun 2018

AMB istiqraz alışı proqramının aylıq həcminin oktyabr ayında yarıya kimi azaldılması qərarının açıqlamasından sonra avro sürətlə ucuzlaşmağa başlayıb.

AMB: QE proqramı ilin sonunda dayandırılır

Avropa Mərkəzi Bankı (AMB) 2018-ci ilin sonunda istiqraz alışı proqramının (QE) dayandırılmasını planlaşdırır. Belə ki, cümə axşamı Riqa şəhərindən verilən açıqlamaya əsasən, oktyabr ayında artıq QE proqramının aylıq həcmi 30 milyard avrodan 15 milyard avroya salınması nəzərdə tutulur. Dekabr ayının sonunda isə proqram dayandırılacaqdır. Bu qərarla da artıq AMB böhran dövrü siyasətindən normallaşmaya doğru bir addım da yaxınlaşdı. 


Bununla yanaşı, uçot faiz dərəcəsini 0.0%, kommersiya bankları üçün depozit faizi isə mənfi 0.4% səviyyəsində saxlanılıb. Bank minimum faiz dərəcələrini ən azı 2019-ci ilin yay ayına kimi saxlamaq niyyətindədir. 


Açıqlamadan sonra dünya valyuta birjalarında avronun qiyməti 1.1717$-a kimi 1%-dən çox ucuzlaşıb. 


Faiz qərarının açıqlanmasından sonra baş tutan mətbuat konfransında isə aşağıdakı açıqlamalar verildi: 


 - Bu və gələn il üçün inflyasiyanın 1.4%-dən 1.7%- kimi arta biləcəyi gözlənilir. 2020-ci il üzrə gözləntilərdə dəyişiklik olmayıb;

 - İnflyasiyada artım yüksək neft qiymətləri ilə əlaqədardır;

 - İnflyasiya dair risklər azalır və orta müddət ərzində mərhələli şəkildə artmaqda davam edəcək;

 - Bu il üçün isə iqtisadi inkişaf gözləntiləri 2.4%-dən 2.1%-ə azaldılıb. 2019-ci ildə 1.9%, 2020-ci ildə isə 1.7%-lik inkişaf proqnozlaşdırılır;

 - İqtisadiyyatdakı mülayimləşmə müvəqqəti amillərlə əlaqəlidir. İqtisadi göstəricilər güclü olaraq qalır;

 - İstehlak xərcləri məşğulluq səviyyəsinin və rifahın güclənməsi ilə artır;

 - Maliyyə imkanları investisiyalara dəstək olmaqdadır, tələb güclü olaraq qalır;

 - Dünya bazarlarında Avrozonanın ixrac həcmində güclü artım mövcuddur;

 - Avrozona iqtisadiyyatına dair risklər nəzarət ediləcək səviyyədədir;

 - Qlobal risklər diqqəti daha çox cəlb edir.